AnalitikaGündəmSiyasət

Azərbaycanın bərpaolunan enerji gündəliyi Avrasiya enerji məkanında yeni əməkdaşlıq nümunələrini formalaşdırır

“Bu gün dünyada ən çox müzakirə olunan mövzulardan biri də yaşıl enerjidir. Bərpaolunan enerji sahəsində əməkdaşlıq, iqtisadi dividentlər və enerji təhlükəsizliyi hazırda Avrasiya ölkələrinin əsas gündəliyini təşkil etməsi də təsadüfi deyildir. Bu mənada Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan bir sıra yaşıl enerji layihələri Avrasiya enerji xəritəsinə əlavə çalarlar qatacaq. Çünki Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, quruda külək və günəş enerjisi potensialının 27, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı yaşıl enerjinin ixracı nöqteyi-nəzərdən dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, qarşıdakı illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək: “Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasından sonra Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası, həmçinin BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşasının planlaşdırılması, eləcə də 12 min meqavatlıq enerjinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsinin nəzərdə tutulması yaşıl enerjinin ixracı üçün böyük potensial formalaşdırır. Ümumilikdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər əsasında 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu isə Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Bununla da, bütün bu çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək”.

“Azərbaycanın bərpaolunan enerji gündəliyi Avrasiya enerji məkanında yeni əməkdaşlıq nümunələrini formalaşdırır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilənin imzalanması, eləcə də Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq kabel xəttinin inşası ilə Avrasiyanın enerji məkanında nəhəng potensiala malik yaşıl enerji dəhlizi formalaşdırılır. Bu isə Çin-Mərkəzi Asiya-Cənubi Qafqaz-Avropa xətti üzrə nəhəng yaşıl enerji koridoru deməkdir.

Oxşar Xəbərlər

Back to top button