Analitika

Yolumuz haqq yolu, mübarizəmiz haqq mübarizəsidir!

Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası davam edir. Əksəriyyəti gənclər olan yüzlərlə etirazçı əllərində plakatlar tutaraq rusiyalı sülhməramlılarla üzbəüz dayanıb. Bunu da xüsusi qeyd etmək lazımdır ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını israrla bildiriblər. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.

Azərbaycan xalqı heç vaxt quru və boş sözlər ifadə etmir. Bunu 44 günlük qısamüddətli 2-ci Qarabağ müharibəsində göstərdik. Bundan sonra da harada və necə olursa olsun hər yerdə göstərməyə hazırıq. Birlik, iradə və zəfər sözü verən Azərbaycan milləti hər sahədə birliyini qorumağı bacardığı kimi bu sahədə də məqsədinə çatana kimi mübarizəsini davam etdirəcəkdir. Dünya bütün bu baş verənlərə göz yummağa davam etsə də Azərbaycan xalqı daim öz ağlıyla, əməyi ilə, əzmi ilə, fədakarlıqları ilə və ən əsası vətən sevgisinin verdiyi güc ilə haqq-ədaləti bərpa etməyi bacarır və bacaracaq. Atdığımız hər addımda haqqı üstün tutaraq hərəkət etdiyimiz müddətcə təbiidir ki, heç kim biləyimizi bükə bilməyəcək. “Qarabağ bizimdir!” deyərək can verən minlərlə şəhidimizdən əmanətdir bizə Qarabağın hər qarış torpağı. Bu əmanəti qorumaq da bu yolda lazım olan hər addımı atmaq da boynumuzun borcudur. Bizim bu millətə, bu torpaqlara edəcək daha çox xidmətlərimiz var.

Vətən sevgisi ilə yola çıxan, gecə-gündüz demədən ayaqda duran, mübarizə aparan hər bir vətəndaşımıza da ayrıca minnətdarlığımızı bildiririk. Vətən sevgisi ilə çıxılan yollarda ardı ilə mütləq ki, zəfərlər yazılar və nə xoş bizə ki, hər fürsətdə yeni zəfərlərə imza atan bir xalqın nümayəndəsiyik.

Əsrlərdir yeridiyimiz haqq yolundan bizi heç kim geri döndərə bilməyəcək! Yolumuz haqq yolu, mübarizəmiz haqq mübarizəsidir!

Torpağına canım qurban Azərbaycan! Bayrağına canım qurban Azərbaycan!

Aytac Məhərrəmli,
YAP Nizami rayon Təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button