Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti var
Azərbaycanda 44 günlük Vətən müharibəsinə zəfər nöqtəsi qoyulandan sonra vətənimizin bir parçası olan Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi ilə bağlı fəaliyyətə başlanıldı. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi ilə işə başlanıldı.
Bir müddət sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən də bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev belə söylədi: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.
Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Ona görə də İlham Əliyevin təbirincə desək, Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra olunacaq, tikilib başa çatacaq. Azərbaycan xalqı illər öncə əlindən alınmış Zəngəzura sahib çıxmaq şansı qazanacaq. Zəngəzur dəhlizi böyük Turan yolunun bir parçası olacaq.
Heç kimə sirr deyil ki, cəllad, körpə uşaq qatili, daşnak Zori Balayan türk dünyasının qatı düşmənidir. Hələ 1970-ci illərdə “Ocaq” adlandırdığı cızmaqarasında sərsəmləyərək Zəngəzurun ermənilərə verilməsini öz aləmində zəruri saysa da, bilərəkdən, yoxsa bilməyərəkdən buradan keçən yolu Turan yolu adlandırıb. Son zamanlar Ermənistan mediası da yazır ki, vaxtilə 1970-1980-ci illərdə Heydər Əliyev Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olarkən Böyük Turan layihəsinin əsasını qoyub. Erməni mediasının dediyinə görə, Naxçıvan – Bakı avtomobil yolunun Mehridən keçən hissəsi türklərin böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyıb. Lakin Ermənistan KP MK-nin birinci katibi Dəmirçyanın etirazlarından sonra layihə dayandırılıb. Azərbaycan bu gün məqsədinə çatıb. Təbii ki, ermənilər bu fikri təsadüfi söyləmirlər. Onlar Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevi yaxşı tanıyırdılar. Ümummilli Liderin vaxtilə nümayiş etdirdiyi siyasi savadına və gücünə, iradəsinə və qətiyyətinə bələdiydilər. Onun söylədiyi hər bir sözün, cümlənin arxasında hansı məqsədin dayandığını həmişə hiss edirdilər.
Bu gün Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş olur. Ermənilər bunu da çox gözəl bilirlər. Zəngəzur dəhlizinin gələcək perspektivinin nə qədər əhəmiyyətli olduğunu anlamazdan gəlmirlər. Dərk edirlər ki, Zəngəzurun Ermənistan daxilində qalması türk dünyasının coğrafi parçalanması deməkdir. Çünki bu ərazi türk dünyasını birləşdirən ən əlverişli körpü rolunu oynayır. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Nə xoş ki Müzəffər Ali Baş Komandan İlham Əliyev mənfur düşmənin arzusunu gözündə qoydu. Daşnakların türk dünyasının parçalanacağı barədə arzuları gözlərində qaldı, ümidləri puça çıxdı.
Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətləri qazanacaqlar. Bəzi ekspertlərin fikrinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Çinin “China Media Group” korporasiyasının müxbirinə verdiyi müsahibəsində Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti haqqında fikirlərini belə izah edib: “Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir”.
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bu, on illərlə bir milli hədəf, Ulu Öndərin həyata keçirmək istədiyi missiya idi.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı