AnalitikaGündəmSiyasət

Bakı Metropoliteninin inkişafı: Yeni stansiyalar və xətlər

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı ölkədə metro infrastrukturunun genişləndirilməsi ilə bağlı vacib məqamları özündə ehtiva edib. Dövlət başçısı çıxışı zamanı Bakı Metropoliteninin inkişafının Dövlət Proqramı çərçivəsində həyata keçiriləcəyini və yeni 10 metro stansiyasının tikintisinin nəzərdə tutulduğunu bildirib.

Bu qərar paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və şəhər sakinlərinin rahatlığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı sürətlə inkişaf edən bir şəhərdir və əhalinin sayı ilbəil artır. Nəticədə, ictimai nəqliyyata olan tələbat yüksəlir. Prezident İlham Əliyevin bu müşavirədə vurğuladığı kimi, yeni metro xətlərinin və stansiyalarının tikintisi şəhərdə nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşmasına töhfə verəcək.

Yeni metro stansiyalarının məhz hansı ərazilərdə inşa ediləcəyi rəsmi şəkildə açıqlanmasa da, bu genişləndirmə planının əsas məqsədi sıx məskunlaşmış əraziləri və sürətlə inkişaf edən yeni yaşayış komplekslərini əhatə etməkdir. Xüsusilə, Bakı ətrafında və yeni salınan yaşayış massivlərində metro infrastrukturunun genişləndirilməsi sakinlərin iş yerlərinə və şəhərin mərkəzinə daha sürətli və rahat çatmasını təmin edəcək.

Bakı Metropoliteninin inkişafı uzunmüddətli strateji planın bir hissəsidir. Qeyd edək ki, son illərdə metronun yeni stansiyalarının açılması, qatar parkının yenilənməsi və yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə, 2021-ci ildə istifadəyə verilmiş “8 Noyabr” stansiyası və digər layihələr bu sahədə görülən işlərin bir nümunəsidir.

Dövlət Proqramı çərçivəsində metro tikintisinə ayrılan investisiyalar ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və vətəndaşların rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır. Gələcək illərdə həyata keçiriləcək bu layihələr Bakı sakinlərinə daha rahat və təhlükəsiz ictimai nəqliyyat xidməti təqdim etməklə yanaşı, şəhərin iqtisadi və sosial inkişafına da müsbət təsir göstərəcək.

Sevinc Qəhrəmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button