AnalitikaGündəmSiyasət

Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu

Hər bir cəmiyyətin inkişafında, gələcəyə inamlı baxışının formalaşmasında  gənclər xüsusi rol oynayırlar. Onlar cəmiyyətin potensiallı və dinamik hissəssini təşkil edirlər. Gənclər sağlam dövlətçilik ideyalarının, etibarlı gələcəyin qurulmasında mühüm əhəmiyyət daşıyırlar. Eləcə də, Azərbaycan gəncliyi  öz biliyi, enerjisi, potensialı ilə yeniliklərə açıqdır. Azərbaycan gəncləri  həm  siyasi arenada, həmçinin də elmin, texnologiyanın bir çox sahələrində inamlı addımlar atıb və atmaqda davam edir.

Müstəqilliyimizin bərpasından sonra gənclər öz fikir və düşüncələrini daha sərbəst ifadə etmək imkanı qazandılar. 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi ilə gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan gənci vətənin müdafiəsində hər zaman qəhrəmanlıq nümunəsi kimi tanınıb. Bunun  ən gözəl sübutu 44 günlük vətən müharibəsində öz şücaəti, qorxmazlığı ilə seçilən şəhidlərimiz və qazilərimizdir. Onlar bütün dünyaya Azərbaycan  xalqının  qəhrəman, cəsur gənclərinin olduğunu bir daha sübut etdilər. Bu gün Azərbaycan gənci dövlətçilik ənənələrinin, milli şüurun inkişafında əsas dayaq hesab olunur.

Gənclərimiz ölkəmizi beynəlxalq arenada bir çox sahələrdə uğurla təmsil edir. Dövlətimizin idman sahəsinə göstərdiyi qayğı və diqqətin sayəsində  sağlam, gələcəyə inamlı bir gənclik yetişir. Beynəlxalq yarışlarda əldə olunan qalibiyyətlər gənclərimizin  bu sahədə olan inkişafından, sağlam düşüncəsindən xəbər verir.

Azərbaycanın gənci bu gün nəinki idman, siyasi arena həmçinin daxili məsələlərdə əsas aparıcı qüvvədir. Sosial həyatın bir çox sahələrində onların aktivliyi artmaqdadır. Könüllülük proqramlarında aktiv iştirakları ilə xalqın daim dəstəkçi qüvvəsi kimi fəaliyyət göstərirlər. Sosial, ekoloji, təhsillə bağlı bir sıra geniş layihələrin  qurucusu elə məhz gənclərimizdir.

Bir dövlətin  gələcəyi indiki sağlam, təhsilli gənclərlə qurulur. Azərbaycan gəncliyi  örnək bir model olaraq, xalqın birlik, milli-mənəvi dəyərlər üzərində  formalaşmasında hər zaman  aktivliyi ilə seçilib. Onlar gələcəyimiz üçün təməl daşlarıdır.

Rəvanə Hüseynova,
Bakı şəhəri Xəzər rayonu Hatəm İskəndərov adına 206  nömrəli tam orta məktəbin kimya müəllimi

Oxşar Xəbərlər

Back to top button