AnalitikaGündəmSiyasət

Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait var

Ümummilli liderimizin təşəbbüsü ilə 1997-ci ildən başlayaraq hər il fevralın 2-si Gənclər Günü kimi qeyd olunur. Bu qayğı gənclərin təşkilatlanmasına, onların cəmiyyətdə öz yerlərini düzgün müəyyənləşdirmələrinə imkan vermişdir. Gənclərin təşkilatlanması, onların potensialının ölkənin milli maraqlarına yönəldilməsi, eləcə də böyüməkdə olan nəslin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Bu gün Azərbaycan gəncləri fəal surətdə ölkədə gedən ictimai-siyasi proseslərə qoşulur, yaxşı təhsil almağa çalışır, vətən qarşısında mənəvi borclarını şərəflə yerinə yetirir, yüksək idman nailiyyətləri qazanırlar. Bütün bunlar respublikamızda ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin təntənəsidir. Hazırda bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ölkənin iqtisadi yüksəlişinin açdığı imkanlardan maksimum dərəcədə bəhrələnməyə və gələcəyimiz üçün etibarlı zəmin yaratmağa ciddi səy göstərir. Son illərdə ölkəmizdə gənclərin maraq dairəsinə daxil olan mədəniyyət, turizm, təhsil kimi sahələrin inkişafına hər cür şərait yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi bunun əyani təsdiqidir.

Yeniyetməlik dövrünü yenicə bitirmiş insan keçid dövrü yaşayır. Ailədən asılılığın azalması, sərbəstlik, yeni mühit, qayğı və digər amillər burada böyük rol oynayır. Bir sıra təşkilatların, cənab Prezidentin adlandırdığı kimi, qlobalistlərin bizim ölkənin inkişafını və güclü dövlətə çevrilməsini həzm edə bilməməsi də bəllidir. Qeyd edim ki, ölkəmizdə yetişən intellektual və vətənpərvər gənclər həmin qurumların alətinə çevrilməyəcək. Çünki Azərbaycanda gənclər siyasəti hər zaman prioritet istiqamət kimi qəbul edilib və gənclər dövlətin qayğı və diqqəti ilə əhatələnib.

Nəzər salsaq görərik ki, görülən işlərin həcmi kifayət qədər böyükdür. Gənclər üçün yaradılan şərait və görülən işlər təbliğ olunmalıdır. Hər bir Azərbaycan gənci bu imkanlardan məlumatlı olmalı və səmərəli istifadə üçün çıxışı olmalıdır. Beləliklə, Azərbaycan dövləti gənclərin inkişafı üçün çoxsaylı effektiv işlər görməklə öz gəncinin çirkin məqsədli təşkilatların təsir dairəsinə düşməməsi üçün də kifayət qədər əhəmiyyətli işlər görmüş olur. Bizim hər birimiz bu imkanları təbliğ etməli, gənclərimizin öz potensialını düzgün şəkildə və ölkəmiz naminə istifadəsi üçün hər an səy göstərməliyik.

Ümumiyyətlə, gənclərə göstərilən hərtərəfli qayğı, təbii ki, onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır. Respublikanın bütün sağlam qüvvələri kimi, Xəzər rayonunda yaşayan gənclər də ölkənin xoşbəxt gələcəyini böyük öndərimizin parlaq ideyalarının təntənəsində görürlər. Gənclər əmindirlər ki, ölkə Prezidenti İlham Əliyevin ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirməsi yolunda fəaliyyəti müstəqil Azərbaycanı dünyanın hər cəhətdən ən zəngin dövlətləri sırasına çıxaracaqdır.

Pərvanə Piriyeva,
234 nömrəli tam orta məktəbdə, ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button