Sirr deyil ki, gənclik müasir dövrün əsas hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasında hər bir dövlətin qarşısında duran böyük vəzifədir.
Dövlətçilik tariximizə nəzər salsaq görərik ki, ölkəmizdə bütün dövrlərdə gənc nəslin doğru yetişdirilməsinə xüsusi önəm verilib. Hələ, Azərbaycan Xalq Cumhuriyyəti zamanında gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində ciddi işlər görülüb. Bu dövrdə Azərbaycan gəncliyində güclü milli mənlik şüuru və vətənpərvərlik hissləri formalaşmışdı. Həmin gəncliyin əməyi nəticəsində çətin bir dövrdə azərbaycançılıq ideyası, dövlət, milli birlik anlayışı, Vətən sevgisi, eləcə də, ədəbiyyatı, mədəni nümunələri və s. formalaşdı.
Sonrakı dövrdə də, Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb. Təkcə, Milli Azadlıq Hərəkatında iştirak edən yüzlərlə gənci misal çəkmək kifayətdir. Artıq, Azərbaycan müstəqil bir dövlət kimi formalaşıb. Hələ, 1918-ci ildə formalaşan milli mənlik şüuru, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə yenidən yüksəliş dövrünə çatdı. Ölkədə baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunların nəticəsində Heydər Əliyevin Fərmanı ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyul ayının 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Gənclərlə bağlı atılan növbəti addım 2 fevral 1996-cı ildə gənclərin I Forumunun keçirilməsi oldu. 1997-ci il fevral ayının 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev 2 fevral – “Azərbaycan Gəncləri Günü”nün elan edilməsi haqqında Sərəncam imzaladı. İndi Müstəqil Azərbaycanın dövlət siyasətində gənclər siyasəti başlıca yerlərdən birini tutur. Bu siyasət ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır.
Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi-mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Dövlət başçısının gənclərin potensialından ölkə mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmini, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqust ayının 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. 2007-ci il ölkədə “Gənclər İli”nin elan edilməsi gənclərlə bağlı davam edən siyasətin bir hissəsi idi. Bu gün, Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Bu gün gənclər ölkənin bütün sahələrdə dövlətçiliyin əsas dayağı funksiyasını yerinə yetirir və cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunurlar. Gənclərin ən aktiv iştirak etdiyi sahələrdən biri də könüllülük fəaliyyətidir. Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən, ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını, insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə, ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub.
Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi