Yeni dünya nizamında Türk Dövlətləri Birliyi güclü siyasi-iqtisadi mərkəzə çevrilir
Azərbaycan Türkmənistan əlaqələri qədim tarixə malikdir. Həm azərbaycanlılar, həm də türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik xalqlardır. Bununla yanaşı, hər iki xalqı dil və din eyniliyi birləşdirir. Son illər, xüsusilə də Vətən müharibəsi nəticəsində ərazilərimiz işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra – 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
14 dekabr 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana növbəti işgüzar səfəri başlayıb. Bu səfər Azərbaycan Prezidentinin Türkmənistana sayca ikinci səfəridir. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü baş tutub. Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının iştirak ilə keçirilən Zirvə Görüşü çox böyük əhəmiyyətə malikdir. Azərbaycan böyük bir coğrafiyanı əhatə edir, Avropa və Asiya arasında bağlantının yaranması zəncirinin vacib həlqəsinə çevrilmişdir. Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal, Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri, BTQ dəmir yolu, Bakı Beynəlxal Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və yaxın zamanlarda açılacaq Zəngəzur dəhlizi ölkələrimizarası əməkdaşlığın möhkəmlənməsində əsas rol oynayacaq. Bu gün Türkmənistanda Zirvə Görüşü çərçivəsində imzalanmış, ticari-iqtisadi, gömrük və energetika sahəsində əməkdaşlığına dair memorandumlar, həm də “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı” ölkələrimiz arası münasibətləri yeni müstəviyə çıxaracaq. Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Bu Zirvə görüşü Türk Dünyasının birləşməsi və inteqrasiyası prosesində irəliyə doğru atılmış çox mühüm addım olacaq, Azərvaycan, Türkiyə və Türkmənistan arasında mövcud olan güclü həmrəyliyi daha da möhkəmlənməsinə xidmət edəcək. Üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olmasına öz töhfəsini verəcəkdir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi