AnalitikaGündəmSiyasət

Azərbaycanın Gürcüstanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında keyfiyyətcə yeni mərhələ başlayıb

Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Təxminən 40 milyard dollar investisiya qoyuluşu hesabına başa gələn Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP, 2020-ci ilin dekabr ayında istifadəyə verildi. Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyədən keçən yeni dəhliz vasitəsilə Avropa ölkələrinə tədarük olunur. Beləliklə, deyə bilərik ki, Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında keyfiyyətcə yeni mərhələ başlayıb. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında birlikdə reallaşdırılacaq yeni layihələrin də anonsunu edib. “Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazirin də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər, hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Murad Zeynalov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button