35 ili tamam olan 20 Yanvar qırğını suverenlik və ərazi bütövlüyü uğrunda SSRİ imperiya qüvvələrinə qarşı Azərbaycan xalqının silahsız mübarizəsinin zirvəsi idi. Bu kütləvi müqavimət əslində xalqın yumruq kimi birləşməsinə, vəhdətinin daha da möhkəmlənməsinə və imperiya zəncirlərinin qırılmasına səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev bu günün tarixi əhəmiyyəti və mahiyyəti barədə demişdir: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq oluğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən oğulları Qanlı Yanvarda xalqmızın qəhrəmanlıq səhifəsinə parlaq səhifə yazdılar”.
20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmazlığının və mətinliyinin sübutu, müstəqillik və suverenlik uğrunda aparılan mübarizə tariximizin şərəfli səhifəsidir. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir. İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.
Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, bu çətin gündə də xalqının yanında olmuş, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəmizin Moskva şəhərindəki nümayəndəliyində mətbuat konfransı keçirmiş, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağlı pisləyən kəskin bəyanatla çıxış etmişdir. Bu qanlı hadisəyə siyasi-hüquqi qiymət də məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra verilmişdir. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanda deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda həmçinin, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edilirdi. Beləliklə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Həmçinin, Ulu öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmiş, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirilmişdir. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən layihələndirilmiş və tikilmişdir.
Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməmişlər. Həmin faciəvi günləri yaxşı xatırladığını qeyd edən Prezident İlham Əliyev bildirir: “Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi”.
20 Yanvar hadisələrinin qurbanları daimi dövlətin diqqət və qayğısı ilə qarşılanmışdır. 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. 1990-cı ilin yanvarında şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 20 Yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Hər il yanvarın 20-də milli həmrəyliyimizin ən böyük təzahürlərindən biri kimi, Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2020-ci ilin noyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın azad edilməsi ilə bağlı müjdəni vermək üçün məhz Şəhidlər Xiyabanını məkan olaraq seçməsi də şəhidlərimizin ruhuna ən böyük ehtiramın daha bir təzahürüdür.
20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Qarabağ uğrunda mübarizənin – I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar.Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizi əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir.
Əkbərova Hüsniyyə ,
Xəzər rayonu, 92 №li tam orta məktəbin Tarix müəllimi