1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi. 1990-cı ilin 20 Yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi ilə nəticələnsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən ovaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının sarsılmazlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çöküşündə əsas amillərdən biri oldu. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvardan keçən yol ölümsüzlüyə, əyilməzliyə, azadlıq və müstəqilliyə aparırdı… Bu yolun yolçuları təkcə o gecə – qanlı, Qara Yanvarda ölümün və imperiya cəlladlarının gözlərinə dik baxanlar deyil, bütövlükdə xalqımız idi. O gecə şəhidlik zirvəsinə bir yol açıldı. Kimimiz o gecə, kimimiz isə sonralar Qarabağda, Vətənimizin digər guşələrində, onun azadlığı, torpaqlarının müdafiəsi uğrunda şəhid olmalı idi. Qəti əmin olduq ki, 20 Yanvarda qəhrəman kimi yenidən azadlıq üçün doğulanlar Qarabağın qara günlərinə son qoymaqdan ötrü gəmişdilər bu dünyaya… 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu.
Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. qanlı hadisədən 35 il ötür.
Zaman göstərdi ki, Azərbaycan xalqı bu faciəni ləyaqətlə yaşadı. Bütün bu illər ərzində Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Müxtəlif ölkələrdən Azərbaycana təşrif buyuran qonaqlar ilk növbədə Şəhidlər xiyabanına gəlir və canları bahasına respublikanın müstəqilliyini qazananların qarşısında baş əyir, ehtiramlarını bildirirlər. Həmin ağrılı-acılı günlərdən uzun zaman keçsə də, xalqımız 20 Yanvar faciəsini unutmur. Hər birimiz üçün unudulmaz tarixə çevrilən 20 Yanvar qətliamını qürurla anır, azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizi qədirbilənliklə yad edirik.
Hacızadə Gunay,
Xəzər rayonu, 183 saylı tam orta məktəbin müəllimi