AnalitikaGündəmSiyasət

Azərbaycan xalqı 20 Yanvar tarixinə həmişə hörmətlə yanaşacaq şəhidlərin əziz xatirəsini hər zaman uca tutacaq

Tarixi faktdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün haqlı olaraq ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədib. Lakin bu qanlı qətliam insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Əbəs yerə deməyiblər : “Azadlıq qanla alınar”.

Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Çox təəsüf ki, bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, ümumilikdə humanizmə qarşı zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür qətiyyətli çıxışı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər ata bilərlər. Elə bu çıxış da milli azadlığın ilk qığılcımı oldu. Dünən, bu gün və gələcəkdə də milli birlik və vətənpərvərliyin simvoluna çevriləcək 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir.

Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”. Ümummilli liderimiz Heydər Əliyevin bu sözləri bizlərin və gələcək nəsillərin beyninə həkk olunmuş qızıl sözlərdir. Təsadüfi deyil ki, bizlərə dədə- baba torpaqlarımızı qaytaran, hər zaman ürəyi xalqı ilə döyünən Ali Baş Komandanımız İlham Əliyevin daxili və xarici siyasətinin təməli məhz Ulu Öndərimizin misilsiz siyasətindən qaynaqlanır.

Abdullazadə Türkanə,
Xəzər rayonu 183 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button