AnalitikaGündəm

20 Yanvar hadisəsinin Azərbaycan xalqının qan yaddaşı eyni zamanda milli oyanış tarixi oldu

20 Yanvar xalqımızın tarixində böyük bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı insanlar böyük bir imperiyanın ordusunun qarşısına qorxmadan, çəkinmədən, böyük bir cəsarətlə və heç bir təmənna güdmədən çıxdılar. Burada heç kim qəhrəman olmaq barədə düşünmürdü, sadəcə olaraq illərdir əsarətdə olan Vətən artıq öz müstəqilliyini istəyirdi. Çünki kifayət qədər də aydın şəkildə SSRİ-nin dağılacağı görünmürdü. Əgər bu görünsəydi bəlkə də Sovet rəhbərliyi də heç buna cəsarət etməzdi. 20 Yanvar hadisəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, milli oyanış tarixi oldu. Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş bu hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onlara dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub. Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində mühüm tədbirlərə başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. Ölkə başçısının imzaladığı yeni fərman və sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən 20 yanvar əlillərinin sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Belə ki, 01.01.2023-cü il tarixdən Prezidentin aylıq təqaüdləri növbəti dəfə artırılıb və şəhid ailələri üçün 600 manata, 20 Yanvar əlilləri üçün I dərəcə üzrə 500 manata, II dərəcə üzrə 400 manata, III dərəcə üzrə 330 manata çatdırılmışdır.20 yanvar hadisələrindən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdirdiyi Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi.

Çingiz Tağıyev,
Qarabağ qazisi, YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button