AnalitikaGündəmSiyasət

Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı

Həmin vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək dünyada analoqu olmayan bu faciə ilə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında – bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət ulu öndər Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda – öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla birgə yaşayır. Ümummilli Liderimiz Azərbaycan xalqına qarşı Sovet ordusunun təcavüzünü pislədi, faciəni törədənləri, ayrıca da M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılması tələbini irəli sürdü. Bu gün bəlkə də kimlərəsə bütün bunlar asan görünə bilər. Amma SSRİ-nin sərt qanunlarının hökm sürdüyü o dövrdə dünyanın ən böyük dövlətlərindən birinin rəhbərini elə onun öz vətənində belə kəskin tənqid etmək, doğrudan da böyük cəsarət tələb edirdi.

Ulu Öndər Heydər Əliyevin bu addımları Vətən və xalq qarşısında bir vətəndaşlıq məsuliyyətinin nümayişi, Vətənə məhəbbət və sədaqətin nümunəsi idi. Bu bəyanat, eyni zamanda, artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasının anonsu idi. Onun bu istiqamətdə atdığı digər sərt addım 1990-cı il iyulun 19-da SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı ərizədir. Ulu Öndər Kommunist Partiyasının sıralarından çıxmasına dair yazdığı bu ərizədə kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq şəkildə bəyan edirdi, 20 Yanvar faciəsi ilə bağlı isə bunları bildirirdi: “Bu antihumanist, konstitusiyaya zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi daim Heydər Əliyevi düşündürürdü. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “. Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər həyata keçirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün Şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu.

Müharibə veteranlarının, Şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində bünövrəsini Ümummilli Liderin qoyduğu işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yöndə böyük tədbirlər həyata keçirilir.

Şəhanə İmanova,
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button