Cənab İlham Əliyevin növbəti müsahibəsi Yeni ilin ilk həftəsində baş tutdu. Yerli televiziya kanallarının əməkdaşlarının Prezidentə ünvanladığı suallar ölkə, region və beynəlxalq ictimaiyyəti maraqlandıran çox əhəmiyyətli məsələlərə həsr olunmuşdu. Təqribən 3 saatlıq müsahibəsində irəli sürülən fikirlər həyata keçirilən işlər haqqında məlumatların cəmiyyətə çatdırılması, prioritet məsələlərin işıqlandırılması baxımından xüsusi önəm daşıyır. Cənab Prezident bu müsahibəsində 2024-cü ildə baş vermiş ölkədaxili , beynəlxalq məsələlərdən, həmçinin 2025–ci il üçün də proqnozlarini bildirmisdir.
Prezidentimizin bu müsahibəsi tək Azərbaycanda deyil, qardaş ölkə Türkiyədə də əks səda doğurmuşdur. Qardaş ölkədə dövlət başçısının səsləndirdiyi bəyanatlar rəğbətlə qarşılanıb. Cənab Prezident İlham Əliyevin beynəlxalq arenada, regionda qardaş ölkənin mənafeyini düşünməsi Türkiyə mətbuatının da diqqətini cəlb edib. Dövlət başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi. Əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin sayəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmiz qarşısında yeni imkanlar açılıb. Uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq mövqeyimiz möhkəmlənib. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib və etməkdədir.
Ümumi daxili məhsulun xarici borca olan nisbətinə toxunan Olkə başçısı qeyd etdi ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir.
Azərbaycanın növbəti uğuru kimi, COP29-a aydınlıq gətirən cənab Prezident bildirdi ki, əlbəttə, COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi. 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki, COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada – Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu.
Dövlətimizin başçısı yerli telekanallara növbəti müsahibəsi ilə bir daha mətbuata və ictimaiyyətə açıq, öz xalqını sevən, onun qayğıları ilə maraqlanan lider olduğunu sübuta yetirdı.
İsmayılova Günel,
Xəzər rayonu, 326 nömrəli tam orta məktəbin müəllimi