AnalitikaGündəmSiyasət

Pilotların və bütün ekipaj üzvlərinin qəhrəmanlığı təkcə bu gün deyil gələcəkdə də Azərbaycan tarixində qürurla xatırlanacaq

25 dekabr 2024-cü il tarixində AZAL-a məxsus təyyarəmizin qəzaya uğraması xəbəri hər bir soydaşımızı dərindən məyus etdi. Qısa zaman sonra təyyarəmizin Rusiyanın hava hücumundan müdafiə sisteminə aid raketlə vurulması xəbərini eşitməyimiz bizi həm sarsıtdı, həm də hiddətləndirdi. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, həmsərhəd dövlətlərlə mehriban qonşuluq münasibətləri saxlamaq, səmərəli əməkdaşlıq münasibətləri formalaşdırmaq üçün bütün lazımi addımları atan dövlətimizə və xalqımıza qarşı belə bir cinayət əməlinin törədilməsi heç şübhəsiz ki, yolverilməz bir haldır. Bakıdan Qroznı şəhərinə uçan sərnişin təyyarəmizin Çeçenistan ərazisində Rusiyanın hava hücumundan müdafiə sisteminə aid raketlə vurulmasında günahı olan şəxslər aşkara çıxarılmalı və ədalətli şəkildə cəzalandırılmalıdırlar. Bu həm Azərbaycan dövlətinin rəsmi mövqeyi, həm də eyni zamanda beynəlxalq hüququn tələbidir. Azərbaycan Televiziyasına verdiyi müsahibəsində dövlət başçımız Cənab İlham Əliyev AZAL-a məxsus təyyarəmizin Qroznı şəhəri yaxınlığında raketlə vurulması ilə bağlı Rusiya dövlətindən gözləntilərimizi və tələblərimizi aydın şəkildə diqqətə çatdırdı. Cənab İlham Əliyev qeyd etdi ki, qəzadan sonra mənim göstərişimə əsasən Rusiyanın bəzi şəhərlərinə uçuşlar dayandırılıb. Bunun əsas səbəbi təbii ki, təhlükəsizlik məsələləridir. Çünki Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir.

Prezident müsahibəsində aviasiya sahəsinin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən də bəhs etdi. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət bu sahədə infrastrukturun yenilənməsi, müasir texnologiyaların tətbiqi və kadrların hazırlanması üçün genişmiqyaslı işlər görür. O, aviasiya sahəsində çalışanların sosial təminatının yaxşılaşdırılması və onların peşəkar səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı addımların atıldığını vurğuladı.

Pilotların və ekipajın göstərdiyi qəhrəmanlıq Prezident İlham Əliyevin sözlərinə görə, gələcək nəsillərə örnəkdir. O bildirdi ki, onların peşəkarlığı və cəsarəti Azərbaycan gəncləri üçün vətənpərvərlik və fədakarlıq nümunəsidir. Prezident xüsusilə gənclərin bu sahəyə marağının artması üçün atılan addımların əhəmiyyətini qeyd edərək, gənc nəslin bu dəyərləri özündə əks etdirməsinin vacibliyini vurğuladı.

Bu müsahibə Prezident İlham Əliyevin aviasiya sahəsində çalışanlara verdiyi yüksək qiyməti və onların ölkə üçün əhəmiyyətini bir daha təsdiqlədi. Pilotların və bütün ekipaj üzvlərinin fədakarlığı Azərbaycan xalqının birliyini, gücünü və milli ruhunu əks etdirir. Onların qəhrəmanlığı təkcə bu gün deyil, gələcəkdə də Azərbaycan tarixində qürurla xatırlanacaq.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button