31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 30 ildən çoxdur ki, müstəqil Azərbaycan xalqı bu tarixi əlamətdar bayramlardan biri kimi qeyd edir. Ümummilli Lider Heydər Əliyev xalqımızın milli həmrəyliyinin əldə olunmasına hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən xüsusi diqqət və həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki, 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi.
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün gələcəyə inamdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var.Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Hər birimiz “Azərbaycan mənim qibləgahımdır”, – deyən böyük şəxsiyyətin fəaliyyətində sonsuz fədakarlığın şahidi olmuşuq. Azərbaycanı kərpic-kərpic tikərək alınmaz qalaya çevirən Ulu Öndərimiz Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, onun milli konsepsiyasını yaratmışdır.
Bu konsepsiya əsasında xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1991-ci ildə həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev yürütdüyü siyasətlə xalqımızı Azərbaycan dövlətinin ətrafında sıx birləşdirdi.
Mikayıl Məmmədov,
Maştağa bələdiyyəsinin sədri