AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dövrün ən önəmli liderlərindən biridir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, müasir dövrün ən önəmli liderlərindən biridir. Cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. 20 il öncə andiçmə mərasimində: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, – deyərək səlahiyyətlərinin icrasını üzərinə götürən Cənab İlham Əliyev, əslində, ali dövləti fəaliyyətinin elə ilk günündən Vətən müharibəsinə başlamışdı. Sadəcə, bu savaş 2020-ci il sentyabrın 27-də həlledici hərbi fazaya qədəm qoydu və 17 illik hazırlıq Ermənistanın rəsmən təslim olması ilə uğurla yekunlaşdı.

Ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin “Qisas”, “Qətiyyətli cavab” və digər hərbi əməliyyatları, həmçinin bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması “Dəmir yumruğ”un gücünün, mövcudluğunun davamlılığını əyani göstərdi. Lokal miqyaslı antiterror tədbirləri isə separatçı rejimin tam iflasını və ərazimizdə mövcud olan “boz zona”nın birdəfəlik ləğvini təmin etdi. Nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən Cənab Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər saat hesabı ilə xeyrimizə dəyişir.

Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunur, “boz zona”nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər. Bu ərazilərin də hər qarışı çox qısa zamanda Azərbaycanın yeni quruculuq ünvanlarına çevriləcək. Həmçinin millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reinteqrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilmişdir.

Günel Əbdülrahmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button