AnalitikaGündəmSiyasət

Rusiya Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə zamanı  Azərbaycan-Rusiya münasibətləri başda olmaqla bir çox məsələlərə dair suallara ətraflı cavab verən Prezident İlham Əliyev öz siyasi yanaşmaları ilə siyasi arenada diqqət mərkəzinə çevrildi. Müsahibəyə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ilə bağlı verilən suala cavab verməklə başlayan İlham Əliyev bu sənədin imzalanmasını həm Rusiya, həm də Azərbaycan tərəfindən atılmış ən mühüm siyasi addım kimi qiymətləndirdi. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, belə bir sənəd tarixi hadisədir. Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq. Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz nəinki münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Odur ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk.

Müsahibə zamanı İlham Əliyev NATO ilə Rusiya arasındakı gərginliyə də toxunaraq bildirib ki, inanmaq istəyirik ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin.

Təbii ki, müsahibə zamanı imzalanması ilə dünyanın aparıcı xəbər portallarının əsas başlığına çevrilmiş Azərbaycan və Türkiyə arasında Müttəfiqlik haqqında Bəyannaməyə də toxunuldu. İlham Əliyev vurğuladı ki, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bəlkə, hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq. Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

İlham Əliyev müsahibə zamanı Rusiya dövlətinin Qarabağda aparılan yenidənqurma işlərinə göstərdiyi qayğıya da toxunaraq bildirdi ki, bizim əməkdaşlığımız hər bir sfera da özünü göstərir və faydasını verir. Bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən Qarabağda uşaq bağçasının tikintisinə başlanılıb. Qubernator bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu. Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur. Biz bunu alqışlayırıq. Yeri gəlmişkən ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda Tatarıstanın rəhbəri və İlham Əliyev tərəfindən açılmış “KamAZ” xidmət mərkəzidir. Tatarıstan nümayəndə heyəti Bakıdadır. Yəni, bu, ilk investisiya, daha dəqiq desək, xarici investisiyalar üzrə birinci layihənin, həmçinin Rusiyaya məxsus olmasıdır.

Mədəni sahədəki tərəfdaşlığımızın əlamətlərindən biri də şagirdlərimizin bir milyona yaxınının rus dilində təhsil alması və ya onu ikinci dil kimi öyrənməsidir. Rus dilinə ictimaiyyət tərəfindən tələbat var və heç vaxt hər hansı məhdudiyyət olmayıb. Tədris rus dilində olan 320-dən artıq məktəb var. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatrlar demək olar ki, mütəmadi, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var, o, yaşayır, necə deyərlər, özünü yaxşı hiss edir. Bu, bizə nə verir? Birincisi, sırf praktiki nöqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir… Təsadüfi deyil ki, biz təkcə bu sahədə deyil, həm də dinlərarası qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsində də fərqlənirik. Bakının mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır. Zənnimcə, bizim siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasi motivlər üzrə sıxışdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.

Məmmədova Natiqə,
Xəzər rayonu, Z. Ağayev adına
241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button