AnalitikaGündəmSiyasət

COP29 – da təhsilin əhəmiyyəti

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Deyə bilərik ki, Azərbaycan təhsilində iqlim dəyişikliklərinə və ekoloji biliklərə diqqət son illərdə artmaqdadır. Məktəblərdə “Ekologiya və ətraf mühitin qorunması” kimi məlumatlar tədris proqramlarına daxil edilib. Lakin bu mövzunun daha dərindən və praktik şəkildə öyrənilməsi tələb olunur. COP29-un təsiri ilə Azərbaycan təhsil sisteminə iqlim və ekoloji mövzuların daha geniş şəkildə daxil edilməsi və şagirdlərin qlobal məsuliyyətə sahib gənclər kimi yetişdirilməsi vacibdir, şagirdlərin ətraf mühit haqqında daha dərindən məlumatlandırılması xüsusi önəm daşıyır. Bu təhsil, eyni zamanda, gəncləri yenilənə bilən enerji mənbələri, tullantıların idarə olunması, su və hava keyfiyyəti kimi mövzulara maraq oyatmaqla, onların gələcəkdə bu sahələrdə aktiv rol almalarını təmin edəcək və məsuliyyətli fərdlər kimi yetişdirilməsinə şərait yaradacaq.

Elm və təhsil sahəsində atılan addımlar diqqəti cəlb etdi. Təsəvvür edin ki, bir gəmidəyik və o gəmi artıq müəyyən xəsarətlər alıb, onun su ilə dolub batmaması üçün ilk iş təbii ki, gəmimizi daha çox xəsarətdən qorumaq olmalıdır, ikinci və ən önəmli addım isə xəsarətləri mümkün qədər aradan qaldırmaq, əks halda gəmi su ilə dolub batacaq və biz məhv olacağıq…Bəli budur tam olaraq iqlim dəyişikliyinə ən bariz misal. Ya biz əl birliyi ilə gəmimizi təmir edib etibarlı limana sığınmalıyıq, ya da ki… əksini düşünmək belə istəmirik… bəs nə etməli? Niyə müəllimlər? Axı müəllim hekəltəraşdır… Müəllim şagirddən insan yetişdirir, onlara nəyin doğru, nəyin yalnış olduğunu aşılayır. Müəllim canlı nümunədir. Yalnış anlaşılma, mənfi nümunə bir deyil, bir necə canlı əsərin məhvi deməkdir.

COP29-un uğurları həmçinin Azərbaycan təhsilində rəqəmsal texnologiyaların tətbiqinin artırılması üçün bir təkan ola bilər. Bu dərslər vasitəsilə şagirdlər təkcə nəzəri bilikləri deyil, həm də interaktiv xəritələr və simulyasiyalar vasitəsilə real iqlim dəyişikliklərinin təsirlərini öyrənə bilərlər. Məsələn, son araşdırmalara əsasən, rəqəmsal metodlarla tədris olunan ekoloji təhsilin şagirdlərin yaddaşında daha qalıcı iz buraxdığı sübut olunub və onların ekoloji problemlərə qarşı daha aktiv mövqe tutmasına səbəb olur. COP29 həmçinin ölkəmizdə STEM təhsilinə böyük töhfə verəcəkdir.Azərbaycan məktəblərində bu sahənin inkişaf etdirilməsi ilə şagirdlər təkcə təbiət elmləri sahəsində biliklər əldə etmir, həm də iqlim dəyişikliklərinə dair problemləri həll etmək üçün innovativ yanaşmalar inkişaf etdirirlər. Bu yanaşma COP29-un məqsədlərinə uyğun olaraq yenilənə bilən enerji, ekoloji texnologiyalar və ətraf mühitin qorunması üzrə bilikləri artırır və təhsilin inkişafına təkan verir.

COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, bəzi dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər.

Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Ətraf mühitin bütövlüyünü, şəffaflığını qorumaq məqsədi ilə,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq, külək enerjisi ilə işləyən elektrik stansiyalarının tikintisi artıralacaq, meşələrin qırılmasının məhdudlaşdırılması ilə yanaşı yeni meşə massivlərinin bərpası və salınması işi gücləndirilməsində müəllimin də üzərinə böyük yük düşür.

Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.

Babayeva Zenfira,
Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button