AnalitikaGündəmSiyasət

COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi

2024-cü il noyabrın 11-dən 24-nə qədər  Bakıda keçirilən 29-cu İqlim Dəyişikliyi Konfransı (COP29) dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizəyə dair əhəmiyyətli irəliləyişlərə imza atdı. Bu konfrans, iqlim siyasətləri və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki ən əhəmiyyətli addımlardan biri olaraq tarixə düşdü. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Konfransda əldə edilən uğurlar, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladı və gələcək nəsillər üçün daha dayanıqlı bir dünya qurmaq məqsədini güdür. COP29-un uğurlu nəticələri, iqlim dəyişikliyinin qarşısının alınması və bu sahədə qlobal əməkdaşlığın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi ilə mübarizədə maliyyə vəsaitlərinin artırılması, COP29-un ən mühüm nəticələrindən biri oldu. Yüksək karbon emissiyaları ilə tanınan inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrə və xüsusilə kiçik ada dövlətlərinə daha çox maliyyə yardımına yönəlməsi barədə razılıqlar əldə edildi. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, əvvəlki mətn layihəsi ilə müqayisədə 50 milyard dollar artım deməkdir.

COP29-un mühüm uğurlarından biri qlobal miqyasda karbon ticarətinin genişləndirilməsi və karbon emissiyalarının azaldılmasına dair yeni sərt qaydaların qəbul edilməsi oldu. Konfransda ölkələr, 2050-ci ilə qədər qlobal səviyyədə karbon neytrallığına nail olma hədəfini bir daha təsdiq etdilər. Bu məqsədə çatmaq üçün inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrə karbon ticarəti vasitəsilə əlavə maliyyə dəstəyi təmin etməyə razı oldular. Yeni karbon ticarəti mexanizmləri, həmçinin daha şaffaf və izlənilə bilən bir sistemin qurulmasına imkan verir. Bütün bu addımlar, dünyanın ən böyük karbon istehsalçıları olan ölkələrə iqlim dəyişikliklərinin qarşısını almaq üçün daha çox məsuliyyət yükləyir və bu ölkələrin qlobal səviyyədə karbon emissiyalarını azaltmalarına təkan verir. COP29-un əsas müzakirə mövzularından biri də iqlim dəyişikliyinin sosial və iqtisadi bərabərsizliklər üzərindəki təsiri oldu. Dünyanın ən zəif regionları və xalqları, iqlim dəyişikliyi nəticəsində ən çox təsirlənənlərdir. Beləliklə, konfransda iqlim ədalətinin təmin olunması ilə bağlı vacib qərarlar qəbul edildi. İqlim dəyişikliyinin iqtisadi böhranlar, yoxsulluq, köç və sosial çətinliklər yaratması səbəbindən, COP29, iqlim siyasətlərinin sosial dayanıqlılığı təmin etməsi və zəif toplumları qoruması zəruriliyini vurğuladı.

İqlim dəyişikliyi yalnız havanın, suyun və atmosferin dəyişməsi ilə məhdudlaşmır, həm də təbii resursların, bitki və heyvan həyatının məhvinə səbəb olur. Bu səbəbdən, ekosistemlərin qorunması və bərpası üzrə yeni qlobal strategiyalar qəbul edildi. COP29-da qəbul edilən razılaşmalar, meşə ekosistemlərinin qorunmasına, nəmli torpaqların və çayların təbii həyatını bərpa etməyə, həmçinin biyolojik müxtəlifliyin qorunmasına yönəlik güclü təşəbbüslər ortaya qoydu. Üstəlik, müxtəlif ölkələr arasında təbii sərvətlərin birgə qorunması üçün beynəlxalq əməkdaşlıq daha da dərinləşdi.Bundan başqa enerji sektoruna olan investisiyaların artırılması haqqındada qərar qəbul olundu . Yenilənə enerji mənbələri – xüsusilə günəş, külək və su enerjisi – qlobal iqtisadiyyatın təmiz enerji ilə təmin edilməsi üçün əsas komponentlər kimi qəbul edildi. Dünya liderləri, bərpa olunan enerji texnologiyalarına investisiyaların artırılması ilə bağlı yeni maliyyə mexanizmləri yaratmağa razı oldular.

Bu qərar, həmçinin elektrik nəqliyyat vasitələri, enerji saxlama sistemləri və enerji səmərəliliyi texnologiyalarına olan investisiyaların artmasına səbəb olacaq. COP29-da qəbul edilən qərarların həyata keçirilməsi, gələcəkdə daha az karbon istehsal edən və təmiz enerji mənbələrinə əsaslanan iqtisadiyyatların yaranmasını təmin edəcək. COP29, iqlim dəyişikliyi ilə mübarizənin növbəti mərhələsinə keçişi simvollaşdırdı. Konfransda əldə edilən razılaşmalar və qəbul edilən qərarlar, iqlim dəyişikliklərinin təsirlərini azaltmaq və gələcək nəsillərə yaşanabilər  bir dünya təqdim etmək məqsədinə xidmət edəcək. Bu sammit, qlobal əməkdaşlığın güclənməsi, maliyyə resurslarının daha ədalətli paylanması, təbii ekosistemlərin qorunması və sosial ədalətin təmin edilməsi baxımından mühüm bir dönüş nöqtəsi oldu. Bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı. Azərbaycan da dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi.

Əfsanə Babayeva,
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button