AnalitikaGündəmSiyasət

COP29 tədbiri Azərbaycanın iqlim diplomatiyasında yeni dövrün başlanğıcı oldu

Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi, ölkənin iqlim dəyişikliklərinə qarşı mübarizədəki qlobal liderliyini bir daha təsdiq etdi. Bu tədbir, Bakı şəhərini yalnız Qafqazın deyil, bütün dünyanın iqlim siyasətinin mərkəzinə çevirdi. 190-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən konfrans, iqlim böhranının həlli istiqamətində mühüm qərarların qəbul olunduğu platforma kimi yadda qaldı.

COP29 tədbiri Azərbaycanın iqlim diplomatiyasında yeni dövrün başlanğıcı oldu. Ölkə konfransın təşkilati və məzmun baxımından müvəffəqiyyətlə keçirilməsini təmin edərək beynəlxalq səviyyədə nüfuzunu artırdı. “Yaşıl dünya naminə həmrəylik” şüarı altında keçirilən bu tədbir, xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının diqqət mərkəzində olması ilə fərqləndi. Azərbaycanın təşəbbüsü ilə COP29-da bir çox mühüm qərarlar qəbul edildi.

Bakı Maliyyə Məqsədi bu qərarların ən önəmlilərindən biridir. Bu yeni maliyyə hədəfi, inkişaf etməkdə olan ölkələr üçün hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsi təmin etməyi nəzərdə tutur. Əvvəlki illərin maliyyə hədəfi ilə müqayisədə bu, üç dəfəlik bir artımdır və 2035-ci ilə qədər 300 milyard dollarlıq ilkin maliyyə vəsaitinin ödənilməsini tələb edir.

Bundan əlavə, konfransda İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması mühüm irəliləyiş kimi qeyd edildi. Bu fond iqlim dəyişiklikləri nəticəsində ən çox təsirlənən ölkələrə dəstək göstərilməsi məqsədi daşıyır. Digər tərəfdən, karbon bazarlarına dair uzun müddət müzakirə olunan 6-cı maddənin işə salınması iqlim maliyyələşdirilməsi sahəsində yeni perspektivlər açdı.

Azərbaycan COP29 çərçivəsində öz təşəbbüslərini də təqdim etdi. Bu təşəbbüslər arasında “Bakı İqlim Təşəbbüsləri” xüsusi yer tutur. Bu proqram, enerji, şəhər dayanıqlılığı, kənd təsərrüfatı və turizm sektorlarında iqlim uyğunlaşması və dayanıqlılıq layihələrini əhatə edir.

Konfrans çərçivəsində Azərbaycan hökuməti öz milli iqlim siyasəti və layihələrini də təqdim etdi. Xüsusilə, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, su ehtiyatlarının qorunması və yaşıllıq sahələrinin artırılması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Qarabağ bölgəsinin “yaşıl enerji” zonası elan edilməsi və bu ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə sadiqliyini göstərir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, həm də qlobal iqlim diplomatiyasında yeni bir dövr açdı. Bu tədbir iqlim böhranının həllində tərəflərin daha fəal əməkdaşlıq etməsinə şərait yaratdı. Bakı COP-u, dünyanın müxtəlif bölgələrindən gələn nümayəndələr üçün birləşdirici platforma oldu və iqlim məsələlərində birgə fəaliyyətin vacibliyini bir daha vurğuladı.

Azərbaycanın təşəbbüsləri, beynəlxalq əməkdaşlıq və milli səyləri nəticəsində COP29 həm tərəflər arasında razılaşmaların əldə olunması, həm də iqlim maliyyəsi və dayanıqlı inkişaf məqsədləri istiqamətində mühüm dönüş nöqtəsinə çevrildi. Bakı konfransı, yalnız bugünkü problemlərin həlli üçün deyil, gələcək nəsillər üçün də yaşıl və dayanıqlı bir dünyanın qurulmasında önəmli bir addım oldu.

Bu uğur Azərbaycanın iqlim lideri kimi beynəlxalq səviyyədə mövqeyini daha da möhkəmləndirdi və ölkənin qlobal problemlərin həllində konstruktiv rolunu bir daha nümayiş etdirdi.

Günel Şükürova,
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button