Gündəm

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib

Cari ilin əvvəlindən bəri Heydər Əliyev Beynəlxalq Aeroportu 4,04 milyon sərnişinə xidmət göstərib. Ümumilikdə, ölkənin hava limanlarından beş milyona yaxın sərnişin istifadə edib.

İcxeberinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrda Bakı hava limanının xidmətlərindən 375 min nəfər istifadə edib və onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL və “Buta Airways” aşağıbüdcəli aviaşirkət tərəfindən noyabrda beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28 faiz və 14 faizdir.

Noyabrda Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “Azimuth” aviaşirkətləri tərəfindən daşınıb.

Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Şarca, Daşkənd, Mineralnıye Vodı, Ciddə və Ankara daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 225 min nəfərə xidmət göstərilib.

Oxşar Xəbərlər

Back to top button