AnalitikaGündəmSiyasət

Mütərəqqi və demokratik dəyərlərə əsaslanan Ana Qanunumuz ŞƏRH

Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayır. Müstəqil dövlətimiz Zəfər tarixi ilə güclü və qüdrətli olduğunu bütün dünyaya nümayiş etdirdi. 8 noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi yazıldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir standartlara cavab verən rəşadətli Ordumuz 44 gün ərzində 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Noyabr ayında Azərbaycan xalqı öz tarixi günlərini yaşayır. Bayraq Günü, Milli Dirçəliş günü, Yeni Azərbaycan Partiyasının yaranma tarixi. 12 noyabrda isə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gündür. İlk milli Konstitusiyamızın qəbul edilməsi tarixindən 29 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən hazırlanmış ilk milli Konstitusiyamız – Ana Qanunumuz müasir dünyanın ən mütərəqqi konstitusiyalarından biridir. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Bu, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı. Belə ki, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan oldu.

Şərqin ilk Demokratik Respublikası olan Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Tarixin dönəmlərinə nəzər salsaq görərik ki, SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Ötən əsrin 70-ci illərində Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı olur. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də Ümummilli Lider Heydər Əliyevin təklifi ilə yeni Konstitusiyada 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi redaksiyada verilib. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri olaraq tarixə həkk olundu. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən, çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.

Konstitusiyanın qəbulu müstəqil dövlətimizin Ana Qanunu olaraq vətəndaşların azadlığının və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk konstitusiyası, eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq, seçdiyi gələcək yolun ifadəsi idi. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikasının Konstitusiya Günü elan edildi. Ulu öndər Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə deyirdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri – Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu – ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. Tarixi ardıcıllığa nəzər salsaq görərik ki, bir-birinin ardınca qəbul olunan sənədlər demokratik dəyərlərə əsaslanırdı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra Konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Təsisatı fəaliyyətə başladı.

Son 21 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə töhfələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Yeni dövrün tələblərinin yaratdığı zərurət Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilməsi ilə nəticələnib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən, 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi. Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxdı. Ali Baş Komandan statusu yalnız ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq konstitusiyaya edilən dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Prezidentlik müddəti 5 ildən 7 ilə artırıldı. Dünya təcrübəsində olan bu demokratik ənənənin Azərbaycan Konstitusiyasında da əks olunması müsbət haldır. Bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi və siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaradır.

Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri uğurla davam edir. Konstitusiyada təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradıb. Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində Azərbaycan Konstitusiyasının tələbləri və müddəaları yerinə yetirilib.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button