Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrellin “Avropa bir bağdır, dünyanın qalan hissəsi isə cəngəllikdir” ifadəsi Avropanın dünyaya münasibətdə üstünlükçü yanaşmasının simvolu olaraq geniş müzakirələrə səbəb oldu. Bu fikir, xüsusilə inkişaf etməkdə olan ölkələr və keçmiş kolonial dövlətlər tərəfindən Avropanın qlobal münasibətlərdə üstünlüyü əlində saxlamaq istəyi kimi qiymətləndirilir.
Borrellin ifadəsində yer alan “bağ” və “cəngəllik” bənzətməsi, Avropanın özünü “mədəniyyətin və nizamın” təmsilçisi, digər qitələri isə “qarışıqlıq və xaos” məkanı kimi görmə meylindən qaynaqlanır. Bu, postkolonial dövrdə Avropanın özünü digər ölkələrdən üstün hesab etdiyi görüntüsünü yaradır. Əslində, belə bir yanaşma Avropa diplomatiyasına səmimiyyət və bərabərlik əsasında qurulmuş bir əməkdaşlıq çərçivəsi gətirmək məqsədinə kölgə salır.
Bu cür ifadələr Avropanın diplomatik məramlarını sorğulamağa səbəb olur. Avropanın inkişaf etmiş, sabit və dinc bir bölgə kimi təqdim edilməsi, digər dövlətləri “təhdid” kimi qələmə verərək, Avropanın üstün mövqeyini saxlamaq istəyini ortaya qoyur. Halbuki müasir dünya bir-birinə bağlı və çoxtərəfli əməkdaşlıq tələb edir. Xüsusən də Azərbaycan kimi ölkələr, Avropa ilə bərabər hüquqlu əməkdaşlıq əsaslarına söykənən münasibətlər yaratmaq istəyir. Azərbaycanın zəngin tarixi, mədəniyyəti və suverenlik prinsipləri əsasında Avropa ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmaq niyyətində olması, Borrellin ifadəsinə qarşı əsaslı bir cavabdır.
Azərbaycan, keçmiş post-sovet ölkələrindən biri olaraq, Avropa ilə daha yaxın inteqrasiya etməyə çalışsa da, bu inteqrasiya heç də Avropanın “mədəniyyət mərkəzi” kimi təqdim edilən üstünlükçü yanaşması ilə deyil, bərabərhüquqlu bir əməkdaşlıq formatında həyata keçirilməlidir. Bu, həm də Azərbaycanın öz xarici siyasətində müstəqil qərarlar qəbul etməyi və öz milli maraqlarını qorumağı zəruri saydığını göstərir.
Bu məqamda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumların da münasibətlərdə daha balanslı yanaşma sərgiləməsi gözlənilir. Belə bir mövqe, Avropa İttifaqının qlobal səviyyədə daha etibarlı bir tərəfdaş kimi qəbul edilməsinə və digər qitələrlə inam əsaslı diplomatik münasibətlərin qurulmasına xidmət edər. Əks halda, Avropa özünü “bağ” kimi göstərməyə çalışsa da, dünya ilə əlaqələrinin “cəngəllik” görüntüsü yaratmasına səbəb ola bilər.
Beləliklə, Avropa diplomatiyası Borrell kimi diplomatların ifadələrindən irəli gələn stereotipləri yenidən nəzərdən keçirməli və dünya ilə münasibətlərində bərabərlik və qarşılıqlı hörmətə əsaslanan bir yanaşma tətbiq etməlidir. Bu, həm Avropanın qlobal nüfuzuna müsbət təsir göstərəcək, həm də digər ölkələrlə münasibətlərdə inamın möhkəmlənməsinə töhfə verəcəkdir.
Sevinc Qəhrəmanova,
YAP-ın gənc fəalı