“Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, siyasi və demokratik inkişafının təməl daşlarından biridir. Bu mühüm sənəd təkcə dövlətin hüquqi əsaslarını müəyyənləşdirmir, həm də xalqın milli iradəsini, tarixini və müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir. Azərbaycan xalqının ədalət və azadlıq uğrunda mübarizəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki tarixi qələbə ilə ən yüksək zirvəyə çatdı. Bu qələbə Azərbaycan Konstitusiyasının təsbit etdiyi dövlətin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prinsipinin gerçəkləşməsində mühüm rol oynadı”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan Konstitusiyası dövlətin ərazi bütövlüyünün qorunmasını hüquqi vəzifə kimi müəyyən etmişdir. Lakin Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti bu hüququn təmin olunmasına maneə yaradırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər bu hüququn bərpası ilə nəticələndi. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin edərək, Konstitusiyanın təsbit etdiyi əsas prinsipin gerçəkləşməsini təmin etdi. Bu qələbə yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmadı. Bu, həm də dövlətimizin hüquqi, siyasi və diplomatik mövqelərinin möhkəmlənməsinə səbəb oldu. Azərbaycan xalqı bu müharibədə həm milli birlik, həm də tarixi ədalət nümayiş etdirdi:
“Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycan dövləti qarşısında yeni çağırışlar dayanır. İqtisadi inkişafın sürətləndirilməsi, azad olunmuş torpaqlarda yenidənqurma işlərinin aparılması və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın mövqelərinin daha da gücləndirilməsi bu çağırışların əsasını təşkil edir. Konstitusiyamız bu məqsədlərin hüquqi təminatçısıdır və Azərbaycanın sabit inkişafı üçün güclü baza rolunu oynayır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın milli iradəsinin və tarixi qələbələrinin hüquqi ifadəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə Konstitusiyamızın təsbit etdiyi suverenlik və ərazi bütövlüyü prinsiplərinin bərpası baxımından xalqımızın tarixində yeni bir səhifə açdı. Bu uğur müstəqil dövlətimizin gücünü və onun hüquqi əsaslarının dayanıqlığını bir daha sübut etdi.