Prezident İlham Əliyev 13 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak etmişdir. Prezident İlham Əliyev Azərbaycanın COP konfranslarında iştirakının əsas məqsədinin, həm öz ölkəsinin ekoloji siyasətini təqdim etmək, həm də qlobal səviyyədə iqlim dəyişikliyinin qarşısının alınmasına dair fikir mübadiləsi və əməkdaşlıq qurmaq olduğunu bildirmişdir. Onun çıxışında iqlim dəyişikliyi, kiçik ada dövlətlərinin qarşılaşdığı təhlükələr və bu problemlərin həllinə dair beynəlxalq əməkdaşlığa hər zaman hazır olması fikri, əsas yer tutmuşdur. Eyni zamanda, kiçik ada dövlətlərinin təbii fəlakətlərə qarşı daha həssas olduğunu qeyd edərək, iqlim dəyişikliyinin onların inkişafına və təhlükəsizliyinə ciddi təhdidlər yaratdığını vurğulamışdır. O, BMT və digər beynəlxalq təşkilatların, həmçinin böyük iqtisadi potensiala sahib dövlətlərin, bu ölkələrin qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün effektiv dəstək göstərilməsinin vacibliyini qeyd etmişdir.
Məlumdur ki, Kiçik Ada Dövlətləri (SIDS, Small Island Developing States), adətən geoloji cəhətdən kiçik olan, əksər hallarda tropik və subtropik bölgələrdə yerləşən, təbii resurslar baxımından məhdud və iqtisadiyyatı çox vaxt turizm, balıqçılıq və kənd təsərrüfatına əsaslanan ölkələrdir. Bu dövlətlər, həmçinin iqlim dəyişikliyinin ən çox təsir etdiyi ölkələr arasında yer alır, çünki onların coğrafi mövqeyi və təbii şəraiti onları dəniz səviyyəsinin yüksəlməsi, tropik fırtınalar, qasırğalar, daşqınlar və digər ekstremal hava şəraitindən ciddi şəkildə təsirlənməyə məruz qoyur. Kiçik ada dövlətləri, BMT-də xüsusi bir mövqeyə malikdir. Onlar, İqlim Dəyişiklikləri Çərçivə Konvensiyasına (UNFCCC) üzv olaraq, iqlim dəyişikliyi ilə mübarizədə əsas tərəflərdən biridir. Bu ölkələr, xüsusilə Paris Sazişi çərçivəsində iqlim dəyişikliyinin qarşısının alınmasına dair çağırışlar edərək daha çox beynəlxalq dəstək tələb edirlər.
COP29 çərçivəsində kiçik ada dövlətlərinin sammiti, bu ölkələrin qarşılaşdığı iqlim dəyişikliyi və ekoloji çətinliklərə dair xüsusi müzakirələrin aparılacağı bir mərhələdir. Azərbaycan müxtəlif ekoloji layihələrdə iştirak edir və iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində beynəlxalq layihələri dəstəkləyir. Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırması, bu ölkələrin iqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı inkişaf, təbii fəlakətlərə qarşı müqavimət və ekosistemləri qoruma kimi sahələrdə fəaliyyətlərini dəstəkləməyə yönələcək. Bu addım, Azərbaycanın iqlim dəyişiklikləri, davamlı inkişaf və beynəlxalq əməkdaşlıq sahələrindəki fəallığını bir daha göstərir.
COP29 kimi beynəlxalq platformalar, bu dövlətlərin problemlərinin diqqətə çatdırılması və həlli yollarının tapılması üçün vacibdir. Fransa və Niderlandın Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişikliyinə ən çox məruz qalanlar sırasındadır. Onlar, həm özlərinin mülkiyyətində olan bu ərazilərdə, həm də qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynamalıdırlar. Bu səbəbdən Fransa və Niderland iqlim dəyişikliyinə qarşı tədbirlər görməli, beynəlxalq əməkdaşlıq çərçivəsində bu əraziləri qorumaq və dayanıqlı inkişafı təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər. Yaxın tarixi araşdırdığımız zaman görürük ki, Fransa 1966-1996-cı illər arasında Polineziya ərazisində 193 nüvə sınağı həyata keçirib. Bu sınaqlar, Fransanın dünya miqyasında nüvə silahları sahəsindəki gücünü nümayiş etdirmə məqsədi daşıyırdı. Bu yalnız Fransanın Polineziya bölgəsindəki yerli əhali üçün deyil, həm də qlobal miqyasda nüvə silahlarının istifadəsinin təhlükələrini və təsirlərini ortaya çıxarmışdır. 1996-cı ildən sonra Fransa bu sınaqları dayandırsa da, bu prosesin nəticəsində uzunmüddətli zərərlərin bərpası və yerli icmaların hüquqlarının təmin edilməsi məsələləri hələ də müzakirə olunur.
Avropanın əsas diplomatı olan Cozep Borrell, bir neçə il əvvəl Avropanı bağ və dünyanın qalan hissəsini isə cəngəllik adlandıraraq, diqqət çəkən bir açıqlama vermişdir. Bu ifadəni biz qlobal qeyri-bərabərliyin, təbii və humanitar böhranların, geosiyasi qeyri-sabitliyin və iqlim dəyişikliyinin təsirlərinə qarşı bir çağırış kimi qəbul edək, amma Avropa eyni zamanda özünə qarşı məsuliyyətli, həmdə digər kontinentalda olan ölkələrə qarşı beynəlxalq həmrəyliyi yüksək səviyyədə nümayiş etdirməlidir.
Sammitin yekununda Prezident İlham Əliyev həmrəylik və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha xatırladaraq, iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyət göstərməyin vacibliyini bildirmişdir. Azərbaycanın beynəlxalq konfranslarda iştirak etməsi ölkənin həm qlobal siyasətdə, həm də daxili inkişafında mühüm rol oynayır.
Ülviyyə Məmmədova
Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin direktor müavini