XX əsr Azərbaycan tarixi üçün olduqca mürəkkəb bir zaman kəsiyidir. Bu əsr dəyişən ictimai formasiyaların fonunda əsrin əvvəlində qazandığımız suverenliyi itirməyimizlə başlamış, əsrin sonunda yenidən müstəqillik qazanmağımızla yekunlaşmışdır. Bu müstəqilliyi əldə etmək isə heç də asan başa gəlməmişdir. Hər iki çətin çətin mərhələdə lider böhranı prosseslərə ciddi təsir etmişdir. Birinci dəfə müstəqilliymizi qoruya bilməsək də, ikinci dəfə dahi şəxsiyyət, böyük siyasətçi, güclü lider Heydər Əliyevin xalqı bir bayraq ətrafında birləşdirməsi ilə müstəqilliyimizi qoruya bildik.
Heydər Əliyev ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışlarının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır.
Yaşandıqca, mahiyyətinə vardıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə əbədiləşən Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın cizgilər qazanır. Möhkəm siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünyagörüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu olan bu xüsusiyyətlərə malik olması Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir.
Siyasətdə Heydər Əliyev fərqi ondan ibarət idi ki, o, Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda öz siyasi nüfuzu və səsvermə yolu ilə birinci katib seçilib: “Bu nüfuzu təsdiq etməyəcək güc isə SSRİ daxilində yox idi. Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi elə bir dövrə təsadüf edirdi ki, Respublikada rüşvətxorluq, korrupsiya, aşağı sənaye istehsalı və s. hallar ciddi böhrana səbəb olmuşdur. Qısası respublikamız inkişaf göstəricilərinə görə sonuncu yerdə idi. Ümumilli lider ilk olaraq, bütün bunlara qarşı barışmaz mübarizə aparmış, ölkənin sosial –iqtisadi və mədəni həyatında dönüş yaratmağı bacarmışdı. Yəni tənəzzüldən tərəqqiyə böyük bir dönüş. İllərin problemləri ilk dəfə müzakirəyə çıxarıldı. Ətrafına isə özü kimi mütərəqqi düşünən idarəçiləri topladı. Həmin illərdə təkcə Azərbaycana rəhbərlik etmirdi, eyni zamanda 15 respublika üçün qanunlar hazırlayan komissiyanın ən nüfuzlu üzvü idi. Yəni təxminən 300 milyon SSRİ əhalisi bu qanunlarla yaşamalı idi.
1982-ci ildən sonra isə ümumilli liderin nüfuzunu qiymətləndirmək üçün təkcə başlıca siyasi hakimiyyət olan siyasi büronun tərkibinə baxmaq kifayət edir. Nazirlər Soveti sədrinin birinci müavini–böyük SSRİ-nin faktiki idarəçisi. Yəni Azərbaycanın ucqar bir bölgəsində kasıb ailədə doğulan biri dünya siyasətinə təsir edə bilən bir qüvvədir. Bu sadə bir pafos deyil. Məsələn, Rusiyanın gələcək prezidenti B.Yeltsin həmin vaxt Heydər Əliyevdən aşağı vəzifədə idi. Təsəvvür edin ki, Yeltsin namizədlikdən üzvlüyə keçmək üçün Heydər Əliyevə ərizə yazmalı idi. Yalnız Heydər Əliyevin razılığından sonra, kimsə siyasi büroya namizəd və ya namizədlikdən üzvlüyə keçə bilərdi. Bəlkə də bir Azərbaycanlının bu cür nüfuzuna qısqanclıqla yanaşanlar onun gələcəkdə müstəqil Rusiyanın rəhbəri olması qorxusundan ona qarşı haqsız təxribatlara başlamışdılar. Ümumilli lider isə heç vaxt vəzifə düşkünü olmadığı üçün özü şəxsən tutduğu vəzifələrdən istefa verdi. Bəlkə bunun özü də bir zərurət idi. Belə çətin dövrlərdə böyük rəhbərin öz vətəni qarşısında daha böyük tarixi vəzifələri var idi. Yalnız qeyri-adi qabiliyyətə və şəxsi keyfiyyətlərə–yüksək zəkaya, tükənməz enerjiyə və təşəbbüskarlığa, qətiyyət və cəsarətə malik olan biri tarixin onun qarşısına qoyduğu bu çətin vəzifəni yerinə yetirə bilərdi. Bu o deməkdir ki, yalnız Heydər Əliyevin şəxsi keyfiyyətləri 90-cı illərdəki ictimai tələbata dolğun surətdə uyğun idi. Bu ictimai tələbat isə xalqın öz çətin günündə Heydər Əliyevi özünə rəhbər görmək arzusu idi. Bu arzu da xalqın ürəyində boş yerə formalaşmamışdı.
Azərbaycan müstəqillik qazansa da, bu müstəqillik özü ilə bərabər çoxlu çətinliklər gətirib: Xalqa demokratiya, gözəl güzəran, var-dövlət, az qala qızıldan osfalt vəd edənlər nəinki vədini yerinə yetirə bilmədi, hətta yarıtmaz idarəçiliyi ilə xalqı daha ağır vəziyyətə saldılar. Xalqın öz rəhbərinə dəstəyi ilə 1993-cü ilin oktyabrında ümumxalq səsverməsi ilə ümumilli lider ölkə başçısı seçildi. Qısa zaman ərzində Heydər Əliyev cəsarətli addımlarla parçalanmış bir ölkədən müstəqil və güclü Azərbaycan respublikası yaratdı. Bu dövlətin bayrağı dünya dövlətlərinin bayraqları ilə eyni sırada dalğalandı. Ölkədə sülh və sabitlik bərpa olundu. Xalq öz rəhbərinin səsinə səs verdi. Bu rəhbərə etimad göstərdi. Bu etimaddan güc alan böyük rəhbər Azərbaycanı daha da güclü etmək üçün əlindən gələni əsirgəmədi.
Bunun nəticəsində Azərbaycan üçün yeni bir siyasi era başladı. Bu tərəqqinin kökündə isə ulu öndər siyasətinin mərkəzində duran “Azərbaycançılıq ideologiyası”, ümumilli liderimizin inkişaf etmiş cəmiyyət görmək arzusu dayanırdı. O, bu inkişafı təhsildə görürdü, bu inkişafı gənclərə dəstəkdə görürdü, mütərəqqi olmayan hər bir şeylə barışmaz mübarizədə görürdü. Bu siyasi xətt böyük rəhbərin uğurlu davamçısı tərəfindən uğurla davam etdirilir və ölkənin davamlı inkişafını təmin edir. Bütün bunlara görə demək olar ki, Heydər Əliyev həqiqətən də, böyük şəxsiyyət idi. Azərbaycanı sevən, azərbaycanlı olduğu ilə hər yerdə fəxr edən böyük rəhbər. Bu ifadəni dərindən dərk edənlər, Heydər Əliyev ideyalarını yüksək qiymətləndirənlər bu ifadənin dərinliyinə varıb öz ümumilli lideri ilə hər zaman fəxr edəcəklər.
Bu gün Ümumilli liderin ruhu şaddır. Məhz onun yaratdığı müstəqil və güclü Azərbaycan onun layiqli davamçısının hakimiyyəti ilə daha da gücləndi və bunun nəticəsində tarixi zəfər qazandıq. Böyük liderin ruhu şaddır ki, onun davamçısı ata vəsiyyətini yerinə yetirdi.
Əli Babazadə,
YAP-ın gənc fəalı