AnalitikaGündəmSiyasət

Azərbaycan növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəlir

Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək, Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya nümayiş etdirir. Son illərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq COP29, həmçinin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək. Azərbaycan hazırda neft-qaz ölkəsi kimi tanınsa da, xarici dövlətlərin başçılarının, şirkət rəhbərlərinin iştirak edəcəyi tədbir əyani şəkildə göstərəcək ki, ölkəmizdə yaşıl enerji ilə bağlı görülən işlər, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli də hazırda bizim üçün prioritet məsələlərdən biridir. Hər bir ölkə belə tədbirlərin keçirilməsi üçün dünyanın dəstəyini qazana bilmir. Həm də böyük qlobal tədbirləri keçirmək üçün ölkənin ictimai-siyasi sabitliyi, iqtisadi gücü, beynəlxalq münasibətlər sistemində yeri və rolu nəzərə alınır. Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir.

COP29-un BMT səviyyəsində keçirilən çox əhəmiyyətli qlobal tədbir kimi iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni səhifə açacaq. Bu tədbirin ölkəmizdə keçirilməsinin birbaşa, uzunmüddətli və çoxşaxəli əhəmiyyəti var. Çünki bu tədbirin ölkəmizə verəcəyi müsbət nəticələrinin siyasi, iqtisadi, sosial əhəmiyyəti olduqca böyükdür. İlk növbədə, COP29-un açılış mərasiminə 50-dən çox dövlət və hökumət başçısı təşrif buyurdu. Onların arasında ilk dəfə ölkəmizə gələcək dövlət başçıları da var. Beləliklə, dünya liderləri Azərbaycanı daha yaxından tanımaq imkanına malik olacaqlar.

Azərbaycana gələn qonaqlar uzun müddət ərzində Ermənistanın torpaqlarımızı işğal altında saxlayaraq beynəlxalq hüququ pozduğunu, öz gücümüzlə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyimizi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, sülh təşəbbüskarı olduğumuzu və Qərbin ölkəmizə qarşı sərgilədiyi münasibətin ikiüzlülük və riyakarlıq olduğunu öz gözləri ilə görürlər. Bu gün dünya COP29-a bütün insanların hüquqlarına hörmət edən, gələcək nəsillər üçün planetimizi qoruyan davamlı gələcəyə töhfə verən platforma kimi yanaşır. COP29-un əsas mesajlarından biri də budur ki, bütün siyasi fərqliliklər bir kənara qoymalıdır.

12 gündə on minlərlə xarici insan Azərbaycana gəlməklə ölkəmizin turizm sektoruna yeni bir canlanma gətirəcək. Qonaqlar Azərbaycanın tarixi-mədəni yerləri, mətbəximizin zənginliyi ilə tanış olur və yenidən ölkəmizdə istirahət etməklə bağlı planlar quracaqlar. Turistlərin gəlməsi otelçiliyin, aqrar sektorun, qalanteriya sənayesinin inkişafına yeni bir impuls verəcək. Çünki ölkəmizə gələn on minlərlə insan yüz milyonlarla dollar pul xərcləyəcəklər və bu da kənd təsərrüfatı məhsullarını becərən insanlardan başlamış iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan sahibkarların gəlirlərini artıracaq. Bu, həm də qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin də artmasına töhfə verəcək.

COP həm də bəşər həmrəyliyinin simvoluna çevriləcək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma kimi tarixə düşəcək. Biz yalnız sülh və iqlim fəaliyyətinə üstünlük verməklə planetimizi gələcək nəsillər üçün qoruya bilərik. Azərbaycan sərbəst, azad təşəbbüslər ölkəsidir. COP29 iqlim məsələlərinin müzakirə olunduğu ən effektiv platformadır və bu tədbirin siyasiləşdirilməsi yolverilməzdir. Azərbaycan Prezidenti prinsipial, qətiyyətli və ədalətli liderdir. COP29-da Azərbaycanın yanında olmayan ölkə və siyasi liderlər, sülhün, həmrəyliyin, ədalətin, planetin xilasının yanında deyillər.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button