AnalitikaGündəmMədəniyyətSiyasət

XI Zirvə görüşünün uğurları Türk dünyasının əlaqələrini daha da möhkəmlədir

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət sahəsində öz uğurlarını daha da inkişaf etdirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb. Bununla əlaqədar Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı xeyli artıb. Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir. Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Növbəti belə səfər noyabrın 6-da baş tutub. Ölkəmizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkekə gəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi etdiyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin Hökumət Başçıları da iştirak ediblər.

Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu son iki ildə Qırğız Respublikasına üçüncü səfəridir. Hər səfər zamanı ölkədə şahidi olduğu inkişafa görə Qırğız Prezidenti Sadır Japarovu təbrik edib.

Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir.

Natiq Musayev,
Bakı Dövlət Sosial İqtisad Kollecinin təcrübə rəhbəri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button