AnalitikaGündəmSiyasət

“8 Noyabr” Tarixi Qələbəmiz – döyüş meydanlarının qəhrəmanlıq səlnaməsidir

Gənclik hər bir xalqın inkişafının təməl daşıdır. Məhz bu səbəbdəndir ki, sağlam gənclik bir millətin varlığının ən vacib şərtidir. Çünki ölkədə dövlətçiliyin və müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ən yüksək və ən qədim insani hisslərdən biri olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obasına, torpağına, yurduna məhəbbətdən qaynaqlanır. Amma vətənpərvərlik təkcə Vətən sevgisi deyil. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətənin müdafiəsinə hər an hazır olmaq, onun yolunda qəhrəmanlıq və fədakarlıq göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək deməkdir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğundan onun gənc nəslə aşılanması, uşaqların, yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə maarifləndirmə işinin ən mühüm sahələrindən biri və ən mühüm vəzifələrdən biri olmuşdur. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, öz elinə, el-obasına hörmət, öz ata-babasına, ata-baba adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına daim böyük məsuliyyətlə yanaşıb, həyati əhəmiyyət kəsb edən məsələ kimi dərk edibdir. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onun mübarizəsinə inam hissini gücləndirir.

İnsanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan hər zaman şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə fəxr edir. Qəhrəmanlıq yüksək nəaliyyətlərə nail olmaq üçün nümayiş etdirilən şücaət, qorxmazlıq, əzmkarlıq və fədakarlıqdır. Əsl qəhrəmanlıq insanın böyüklüyünü, onun mənəvi gücünü, rəşadətini və nəcibliyini təsdiq edir. Əsl qəhrəmanlıq Azərbaycançılıqdır, Azərbaycanı, xalqını, millətini, dövlətini cani qəlbdən sevmək, ona sidqi ürəklə bağlı olmaqdır. Qəhrəman insanlar haqqında nə qədər danışsaq azdır. Azərbaycan xalqı qəhrəman xalqdır. Bu insanlar isə öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan əzmkar gənclər kimi yetişdiriblər. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və başa düşməlidirlər ki, dövlət müstəqilliyi Azərbaycan üçün ən böyük hadisədir və bu bilikləri vətənpərvərlik hisslərini aşılamaqla olar.

Vətən qarşısında borc, vətən sevgisi hər kəsin qəlbində, ürəyində olmalıdır. Çünki hər birimizin müqəddəs borcu babalarımızdan miras qalan torpaqları qorumaq, Heydər Əliyev ideyalarına sadiq qalmaqdır. Vətəni sevmək təkcə əlinə silah alıb döyüşə getmək deyil. Bu mənada, tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan gənci öz Vətəninin qədrini bilməli, ona sədaqətlə yanaşmalı, bayrağını uca tutmalıdır. Milli dəyərlərimizə daim hörmətlə yanaşmaq hər birimizin borcudur. Azərbaycan gəncləri bu vətən uğrunda şəhid oldular.

Sentyabr ayının 27-dən noyabr ayının 10-na qədər davam edən 44 günlük müharibə bütün dünyaya Azərbaycan xalqının, dövlətinin milli gücünü, mübariz ruhunu, əzmini nümayişinin təcəssümü idi. Böyük qələbə qazanan Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edə bildi. Təəssüflər olsun ki, qələbəyə gedən yol xalqımız üçün çoxlu qurbanlar və itkilər bahasına başa gəldi. Kütləvi etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı öldürülüb, yaralanıb və şikəst edilib, 1 milyondan çox soydaşımız 30 ildən artıq qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir.

Uzaqgörən lideri və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük qələbə qazanan xalqımız bütün dünyaya qətiyyətlə bəyan etdi ki, onlarla heç kim güc və təzyiq dilində danışa bilməz. Danılmazdır ki, bu tarixi qələbə son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhkəm strateji kursun məntiqi nəticəsidir. Şübhəsiz ki, Azərbaycan bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik səviyyədə, istərsə də informasiya cəbhəsində mütləq qələbə qazanaraq tarix yazdı.

Şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi ard-arda azad edən Azərbaycan igidlər əsl qəhrəmanlıq, şücaət nümunəsinə çevrildilər. Düşmənin 30 il ərzində tikdiyi və milyonlarla maddi vəsait sərf etdiyi nəhəng istehkamlar bir göz qırpımında dağıdılmış, ordumuzun tətbiq etdiyi hərbi strategiya müasir hərb tarixinə aparıcı nümunə kimi daxil olmuşdur. Ermənistan ordusunun və ermənilərin özlərinin yaratdığı “məğlubedilməzlik” mifi dağıldı. Düşmən ordusunun yüzlərlə texnikası və minlərlə canlı qüvvəsi sıradan çıxarıldı.

Eyni zamanda, Azərbaycan xalqı bu müharibədə yumruq kimi birləşərək öz liderinin ətrafında səfərbər oldu.

Bu tarixi qələbə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və onun rəşadətli ordusunun, eyni zamanda Azərbaycan xalqının, əsrlər boyu erməni vandalizminə dözən, erməni vəhşiliklərinə məruz qalan Azərbaycan torpaqlarında axıdılmış minlərlə günahsız insanların qələbəsəi, Zəfəri idi. Prezident İlham Əliyev dediyi kimi “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq”.

Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr tarixində Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin işğaldan azad edildiyini böyük iftixar hissi ilə qeyd etmişdir. Dövlət başçımız bu çıxışında Azərbaycan xalqının dəstəyini hiss etdiyini, onun etimadını gördüyünü və bunun ona güc verdiyini vurğulayaraq söyləmişdir: Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik” – deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirir.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Qalib Azərbaycan xalqı bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərində Vətən müharibəsində göstərdiyi məharəti nümayiş etdirir. İşğal zamanı dağıdılmış torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində böyük layihələr həyata keçirilir. Şəhər və kəndlərin təməli qoyulur, yeni qəsəbələr ilk sakinlərini qarşılayır, yeni infrastruktur yaradılır, sənaye müəssisələri və digər obyektlər istifadəyə verilir, kənd təsərrüfatı dirçəlir. Öz nitqlərinin birində “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir” söyləyən Ali Baş Komandanımız verdiyi hər bir sözə qətiyyətlə, mərdliklə əməl elədi.

Yaşasın çiçəklənən, inkişaf edən Azərbaycan, Qarabağ!

Cəfərova Səbinə,
Bakı Slavyan Universiteti

Oxşar Xəbərlər

Back to top button