“Məlum olduğu kimi, uzun müddətdir müzakirə olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Bakıda işinə başladı. Ümumilikdə, COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib ki, onların da sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Ümumiləşdirilmiş şəkildə ifadə etmək olar ki, COP29 tədbiri dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan COP29 üçün ev sahibliyi hüququnu əldə etdikdən sonra antiAzərbaycan dairələrinin sistemli hücumlarına məruz qaldı: “Xüsusilə də Qərbdəki dairələr, QHT libasındakı qruplaşmalar, media quruluşları və ölkəmizdəki “beşinci kolon” Azərbaycana qarşı qarayaxma kampaniyasına başladılar. Onu da qeyd etmək yerinə düşər ki, “X” sosial şəbəkə seqmentində erməni lobbisinin təsiri altında olan Qərb siyasətçiləri belə bu kampaniyaya qoşuldular. Lakin hər zaman olduğu kimi bu kampaniyalar nəticəsiz qaldı və COP29 ən yüksək səviyyədə baş tutdu, dünyanın aparıcı ölkələrinin rəhbərləri Bakıda toplaşdı”.
“Azərbaycanı neft və qaz yataqlarına malik olmasına görə ittiham edənlər də fiaskoya uğradılar” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dünya ölkələrinin və beynəlxalq təşkilatların nümayəndələri birbaşa Bakıda Azərbaycanın yaşıl gündəliyi ilə tanış oldular: “Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışında diqqətə çatıdırdı ki, Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. 2023-cü ildə BƏƏ-nin Masdar şirkəti 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını edib, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını inşa etdirir. Həmçinin, bp ilə Cəbrayıl rayonunda 240 meqavatlıq Günəş enerjisi stansiyasının tikilməsi ilə bağlı saziş də imzalanacaq. Ümumilikdə, Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Bütövlükdə isə Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə çəkilən enerji kabeli ilə Avropaya yaşıl enerjini ixrac ediləcək ki, bu kabelin də texniki potensialı dörd giqavatdır”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, COP29-un təşkili və keçirilməsi antiAzərbaycan dairələrinə sarsıdıcı zərbə oldu və beynəlxalq ictimaiyyət rəsmi Bakının yaşıl gündəliyinin zənginliyinə şahidlik etdi. Eləcə də dünya ölkələri son bir il ərzində Azərbaycana qarşı aparılmış çirkin kampaniyanın da nə qədər əsassız olduğunu görmüş oldular. COP29-un ən yüksək səviyyədə təşkili ilə Azərbaycan bir daha sübut etdi ki, dünya ölkələri qlobal tədbirə ev sahibliyi seçimində səhvə yol verməyiblər. Bir sözlə, Azərbaycan növbəti dəfə ona göstərilən qlobal etimadı və etibarı doğrultmuş oldu.