AnalitikaGündəmSiyasət

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən bəyanat imzalandı

XX əsrin sonlarından başlayaraq mənfur ermənilərin Azərbaycanın tarixi ərazilərinə hücumları artaraq tariximizə faciəli münaqişələrdən biri kimi daxil oldu. Hər iki Qarabağ müharibəsində xalqımız düşmənə qarşı cəsarətlə mübarizə apardı. Buna baxmayaraq 90-cı illərin əvvəllərində ermənilər mövcud qarışıq vəziyyətdən istifadə edərək torpaqlarımızın 20 faizini işğal etdilər. 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. 1994-cü ildə iki dövlət arasında elan edilmiş Atəşkəs düşmən ordusu tərəfindən dəfələrlə pozuldu. 2020-ci ilə qədər müəyyən danışıqlar aparılsa da Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək mümkün olmadı. Nəhayət, tariximizə şərəflə yazılan İkinci Qarbağ müharibəsi baş verdi. 44 gün davam edən bu müharibədə rəşadətli ordumuz böyük qəhrəmanlıq göstərdi, igid vətən oğullarının adı dillər əzbəri oldu. Vaxtilə düşmən tərəfindən işğal edilən torpaqlar azad edildi.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatlarındayandırılması elan edildi.

Prezident İlham Əliyev bu münasibətlə çıxış edərək xalqa müraciətində vurğuladı ki: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.”

Beləliklə, qazanılan zəfərlə tarixi missiya tamamlanmış oldu, imzalanmış bəyanatla bir çox siyasi, diplomatik və iqtisadi uğurların əsası qoyuldu. Ermənistan və onun havadarlarının planları reallaşmadı.

Zəfərin mübarək, Vətən!

Jalə Qurbanova,
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button