Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın, mindən çox insan itkin düşmüşdü. Aparılan sülh danışıqları nəticə verməmiş, növbəti illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.
2020-ci ilin sentyabr–noyabr aylarında dondurulmuş münaqişə yenidən alovlanmış, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı apardığı hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonları, həmçinin Şuşa şəhəri, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsi, Xocalı və Tərtər rayonlarının isə bir hissəsi ordumuz tərəfindən işğaldan azad edilmişdir. Müharibə üçtərəfli bəyanatla başa çatmışdır.
Lakin əməliyyatların dayandırılması barədə razılıq əldə olunsa da, düşmən tərəf atəşi davam etdi və beləliklə, müharibədən sonra sərhəd xəttində böhran başladı. Azərbaycan dəfələrlə davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. Sərhəd delimitasiyası üzrə işçi qrupların apardıqları danışıqlar bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşayiət olunurdu. Üçtərəfli bəyanatda düşmən öz qoşunlarını ərazilərimizdən dən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürsə də, silah-sursatı qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, təmas xətti boyunca yeni minalanmış ərazilər, kəşfiyyat-müşahidə vasitələri quraşdırmış, ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirdi. Düşmən hücumlarını əks etdirmək məqsədilə Respublikamızın Dövlət Sərhəd Xidmətinin bölmələri 2023- cü il aprel ayının 23-də “Laçın” Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.
Həmin il sentyabrın 19-da Azərbaycanın Müdafiə Nazirliyi düşmən tərəfin silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq Qarabağda antiterror tədbirlərinə başladığını bildirmişdir. Hərbi əməliyyatların aparıldığı bölgədə Azərbaycan tərəfindən erməni dilində məlumat vərəqələri paylanmışdır və səsgücləndiricilərlə həm silahlılara, həm də dinc əhaliyə müraciətlər edilmişdir. Rəşadətli Ordumuz Xocavənd şəhərinə doğru irəliləyərək Amaras monastrını da azad etdi. Burada silahlı qüvvələrimiz itkilər versələr də, ümumilikdə, bu, hadisələrin gedişinə ciddi təsir göstərməmişdir. Düşmən birləşmələrinin döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli nöqtələrin ordumuzun nəzarəti altına götürüldüyü bildirilmişdir. Ermənistanın bu münaqişəyə qoşulmayacağını bildirməsindən sonra Qarabağ erməniləri gecə saatlarında təslim olmaq şərtləri barədə Azərbaycan tərəfi ilə danışıqlara başladı. Danışıqların başa çatmasından sonra, sentyabrın 20-də qeyd olunan şərtlər altında antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğu bildirilmişdir. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, bütün silah-sursat təhvil verilməli idi.
Beləliklə, bir sutkadan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Respublikamızın ərazisində qanunsuz yerləşən mənfur düşmənin ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi, Qarabağda qeyri-qanuni rejim ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və dövlətimizin suverenliyi tam təmin olundu. Bununla da, Vətənimizin Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi