AnalitikaGündəmSiyasət

Ölkənin konstitusiya quruluşunun tarixi

Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsrlər boyu formalaşaraq müasir dövrümüzə qədər gəlib çatmışdır. Bu tarixi prosesdə Azərbaycanda müxtəlif idarəetmə formaları olmuş, hər bir dövr dövlətçilik ənənələrinin formalaşması və konstitusiya quruluşunun inkişafına təsir göstərmişdir. Azərbaycanda müasir mənada konstitusiya hüququnun əsasları XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə atılmışdır. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik dövlət olaraq öz Konstitusiyasını hazırlamış və tətbiq etməyə başlamışdır. Bu dövrdə qəbul olunan qanunlar və əsasnamələr Azərbaycan cəmiyyətində konstitusiya dəyərlərinin əsasını qoymuşdur.

1920-ci ildə Sovet İttifaqının təsiri altına düşən Azərbaycan, sovet sisteminin tərkibinə daxil oldu və bu dövrdə Azərbaycan SSR Konstitusiyası qəbul edildi. 1921-ci, 1937-ci və 1978-ci illərdə qəbul olunan sovet konstitusiyaları Azərbaycan SSR-nin hüquqi statusunu müəyyənləşdirdi və sovet ideologiyasına uyğunlaşdırılmış qanunlarla tənzimləndi. Bu konstitusiyalar Azərbaycanda müəyyən qədər dövlətçilik ənənələrinin qorunmasına kömək etsə də, müstəqil hüquqi quruluş yaratmaq imkanlarını məhdudlaşdırdı.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə yeni, müstəqil konstitusiya quruluşunun formalaşdırılması ehtiyacı meydana çıxdı. 1995-ci ildə Azərbaycan Respublikasının müstəqil Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olundu. Bu Konstitusiya Azərbaycanın müstəqil, demokratik və hüquqi dövlət kimi əsaslarını müəyyənləşdirərək, insan hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət ayırdı. Bu Konstitusiya həmçinin hakimiyyətin bölünməsi prinsiplərinə, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlərin bölüşdürülməsinə əsaslanır.

Azərbaycan Konstitusiyası müasir dövrün tələblərinə uyğun olaraq bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. 2002, 2009, 2016-cı illərdə keçirilən referendumlar vasitəsilə Konstitusiyada müəyyən dəyişikliklər və əlavə maddələr edilmişdir. Bu dəyişikliklər ölkədə siyasi sabitliyin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətində həyata keçirilmişdir.

Beləliklə, Azərbaycanın konstitusiya quruluşunun inkişaf tarixi xalqın dövlətçilik ənənələrinin təkmilləşdirilməsi, hüquqi və demokratik dövlətin qurulması istiqamətində mühüm mərhələlərdən keçmişdir. Azərbaycanın Konstitusiyası bu gün də ölkənin hüquqi əsaslarının möhkəmləndirilməsində və xalqın rifahının təmin olunmasında mühüm rol oynamaqdadır.

Qurban İbişli,
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button