AnalitikaGündəmSiyasət

Bayrağımız qürur mənbəyimizdir

Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xankəndi şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button