AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Üçrəngli bayrağımız xalqımızın qüruru və varlığımızın təcəssümüdür

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız xalqımızın qüruru və varlığımızın təcəssümüdür.

Bayrağımızın yaranma tarixi XIX əsrin əwəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.

1919-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində dalğalandı. Məhz o zaman da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında «Bir kərə yüksələn bayraq, bir daha enməz» məşhur kəlamını söyləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti heç vaxt tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Həm də yalnız gözləməklə kifayətlənmədi. Onun uğrunda diktator Sovet hakimiyyətinin kəskin qadağalarına baxmayaraq əzmlə, təmkin və qeyrətlə mübarizə apardı. Əzm və sücaət göstərdi, nəhayət, o gün gəlib çatdı. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu gün müqəddəs üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, qədim Şuşamızda, Xankəndidə, Xocalıda, Ağdərədə dalğalanır. Şanlı Zəfərimizin təntənəsi dalğalanan bayrağımızla bizə qürur verir.

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayonunun ictimai fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button