Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, təhsil işçiləri və gənclər iştirak edib.
Globalnews.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər Respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verdi. Bildirdi ki,təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir. Xüsusi vurğulandı ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin əməyinin danılmaz olduğunu qeyd edən natiq, müəllimlərin bundan sonra da yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinə əminliyini bildirdi. Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər – YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Başçının müavini Ramiz Quliyev və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdilər ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb.
Tədbirdə çıxış edən təhsil işçiləri və yüksək bal toplamış tələbələr təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını və ehtiramlarını bildirdilər.
Tədbirin sonunda təhsil işçilərinə və rayonda yüksək bal toplayan bir qrup tələbələrə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.
Tədbirdə 2 və 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifalarında rəngarəng müsiqilər və rəqslər nümayiş etdirildi.