AnalitikaGündəm

Cəbrayılda həyat yenidən canlanır

Ən yüksək zirvəsi olan Dağ Tumasın qoynundan boylandıqca düz 4 il öncə  işgaldan azad olunmuş Cəbrayıl şəhəri özü, ətrafında, sağ-solunda yerləşən kəndləri, obaları, Arazboyu uzanıb gedən düzənlikləri, elə xan Arazın özü və qədimdən – qədim Xudafərin körpüsü yenə göz oxşayır, insana qürur, iftixar hissi bəxş edir. 1993-cü ildən 2020-ci ilə qədər işğalda qalan Cəbrayıl şəhərinin 4 qəsəbə və 72 kəndinin digər bölgələrimiz kimi erməni vandalları tərəfindən vəhşicəsinə talanması, yaşayış məskənlərinin yerlə-yeksan olunması, tarixi-dini abidələrin məhv edilməsi, on minlərlə sakininin qaçqınlığa məruz qalması, minlərlə igid övladının həlak olması istər-istəməz  xalqımıza hələ də acı hisslər yaşatmaqdadır. Bununla belə istər Cəbrayılın, istərsə də digər bölgələrimizin 4 il öncə yağı düşmənlərdən təmizlənməsi, ata-baba ocaqlarımızın azad nəfəs alması, azad edilmiş bütün ərazilərdə abadlıq, quruculuq işlərinin böyük vüsətlə aparılması hər bir vətəndaşı qəlbən sevindirir, sabaha daha inamla addımlamağa sövq edir.

Cəbrayıl və digər işğalda olan ərazilərimiz azad olunduqdan sonra yeni dövrə qədəm qoydu və bütün regionlarımızda bərpa-quruculuq işlərinə başlanıldı. “Araz Vadisi İqtisadi Zonası”nin yaradılması Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisəyə çevrildi. Rayonun elektrik təchizatının bərpa olunması, Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi, avtomobil, dəmir yolu xətlərinin çəkilişi, layihələndirilən ərazilərdə fərdi yaşayış evlərinin, bloklu binaların tikilməsi, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl şəhərinə və kəndlərinə ilk köç karvanının yola salınması bu günümüz üçün olduqca qürurvericidir.

Prezident İlham Əliyevin son 4 ildə Cəbrayıl rayonuna dəfələrlə səfər etməsi, təməlqoyma, ağacəkmə mərasimlərində, körpülərin, yolların, müxtəlif mərkəzlərin açılışında şəxsən Ali Baş Komandan olaraq iştirak etməsi təqdirəlayiqdir. Ölkə başçısının hər bir bölgəyə bu qədər diqqəti, hər bir vətəndaşa qayğıkeşliyi, səmimiyyəti  hər kəsə nümunə, örnək olmaqla hər birimizi sabahımıza daha böyük uğurlarla addımlamağa çağırmaqdadır.

Bu gün azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri bizi ürəkdən sevindirir. 30 il həsrətində olduğumuz həmin torpaqlar bizim and yerimiz, qürur mənbəyimizdir.

Əbülfət Bağırov,
Xəzər rayonu, 218 nömrəli məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button