AnalitikaGündəm

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Bu gün Azərbaycan dünyada böyük infrastruktur layihələr həyata keçirən güclü ölkə kimi tanınır. Milli inkişafa kompleks məsələ kimi yanaşan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər iqtisadi inkişafın, tərəqqinin və Qələbəmizin təməlini təşkil edib, zəruri maliyyə və maddi resurslar yaradılıb. Bu resurs çağdaş dövrün ən görkəmli siyasətçisi tərəfindən ölkənin iqtisadi və hərbi üstünlüyünə, xalqımızın tarixi nailiyyətinə çevrilib. Beləliklə, dahi strateq məharəti və xalqımızın öz liderinə sarsılmaz inamı, güclü motivasiyası sayəsində Azərbaycan misilsiz Qələbə qazanıb. Bununla da ölkəmizin təhlükəsiz gələcək inkişafı təmin olunub və yeni tərəqqi dövrü başlayıb.

Azərbaycanın liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılır, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılır, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi edir. Dövlətimizin iqtisadi siyasətində vətəndaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlər, iqtisadiyyat sahələrinin imkanlarının üzə çıxarılmasına dair aparılan sistemli və ardıcıl işlər dövlətlə cəmiyyət, həm də hökumət qurumları ilə iqtisadi subyektlər arasında qarşılıqlı etimad mühiti yaradıb. İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması üçün qeyri-neft-qaz sahələrinin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılıb və xüsusilə qeyri-neft ixracının çeşidinin genişləndirilməsi, həcminin artırılması istiqamətində tədbirlər görülüb.

Həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, ölkəmizin iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaradıb. Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatını daha da şaxələndirir. Sosial-iqtisadi inkişafda əldə edilən böyük nailiyyətlər, islahatların düşünülmüş şəkildə aparılması, müasirləşməsi kompleks yanaşma zəminində baş verib. Ölkənin iqtisadi inkişafının davamlı olmasını siyasətinin təməl prinsipi olaraq dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmi haqqında deyib: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.

Hazırda Azərbaycanın iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir. Ölkəmizin mövqeyi bölgədə getdikcə daha da artır və güclənir. Mühüm geosiyasi məkan kimi regionun özündə sülh və təhlükəsizliyin təmin edilməsi üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan artıq praktik olaraq bütün regional məsələlərin əsas iştirakçısıdır və regionda strateji əhəmiyyətli bütün layihələrin həm onun razılığı, həm də iştirakı olmadan gerçəkləşdirilməsi mümkün deyil. Dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilən Azərbaycanın qonşuları ilə qarşılıqlı anlaşma əsasında qurulan xarici siyasət kursu ölkəmiz üçün iqtisadi inkişafla yanaşı, təhlükəsizlik baxımından mühüm rol oynayır. “Deyilən sözə, verilən vədə əməl etmək” Azərbaycanın müttəfiqləri ilə əməkdaşlığında əsas prinsipidir. Reallıq budur ki, ölkə iqtisadiyyatı sabitdir və münbit investisiya şəraiti mövcuddur, həm də bu, təbii sərvətlərə əsaslanır.

Ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyulur. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensialın olduğu bildirilir. Eyni zamanda iqlim dəyişmələri də ölkələrin iqtisadiyyatı üçün ciddi çağırışlar yaradır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfini reallaşdırmaqdır. Bunun üçün qlobal iqlim dəyişmələrinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi diqqətdə saxlanılır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi nəzərdə tutulub. Təbii ki, bunun üçün yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanının yaradılması vacibdir. Azərbaycan bərpaolunan, yaşıl, o cümlədən elektrik enerjisinin ixracı layihələri üzərində də iş aparır.

Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib.Bunu Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”.

Əsgərova Fatma,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllim

Oxşar Xəbərlər

Back to top button