Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Belə bir nüfuza ölkəmizin sahib olması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Müasir dövrümüzdə Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır və Cənubi Qafqazın lider dövlətinə çevrilib. Reallıqlar deməyə əsas verir ki, Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsində layiqli yerə sahibdir.
Qeyd edək ki, ölkəmiz müstəqillik illərində dünya ölkələri ilə əlaqələrinin inkişafını diqqətdə saxlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoymuş oldu. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan İtaliya ilə münasbətlərini yeni geosiyasi çağırışlar fonunda strateji tərəfdaş ölkə olaraq yüksələn xətlə inkişaf etdirir. Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə münasibətlər mükəmməl hüquqi bazaya malikdir və son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə nailiyyətlər əldə olunub. Dövlətimizin başçısının İtaliyaya növbəti səfəri çərçivəsində imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Sözsüz ki, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Ölkələrarası diplomatik münasibətlər 30 ildən artıq tarixi əhatə edir və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xətlə inkişaf etməyə başlamışdır. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda öz səfirliyini təsis etmiş və 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.
1997-ci ilin 25-28 sentyabr tarixlərində Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olaraq səciyyələnir. Səfər nəticəsində bağlanan “İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat”, “İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə” iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Qeyd olunan sazişlərdən başqa Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın “Eni-Acip” şirkəti arasında “Kürdaşı” blokunun kəşfiyyatı, işlənməsi və “Hasilatın pay bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd imzalanıb.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu yeni mərhələlərin başlanğıcını qoymuşdur. Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və dövlətlərarası əlaqələrin daha da genişləndiriməsinə öz töhfəsini vermişdir. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Ötən illərdə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başlayıb.
İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Foruma əsas qonaq qismində Prezident İlham Əliyevin iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürüdür.
Azərbaycan ilə İtaliya arasında iqtisadi və enerji təhlükəsizliyi sahələrində də böyük uğurlara imza atılıb. Müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Qeyd edək ki, ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. “Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”, – deyə Prezident bildirib. İtaliyanın “Ansaldo Energia” şirkəti hazırda Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirak edir və stansiya 4 ədəd qaz turbini ilə təchiz olunub.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və iki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda bu regionda potensial təsirinin xüsusi çəkisi ilə güclənir. “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır”, – deyən Prezident İlham Əliyev bildirib ki, ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olmuşdur və əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. “Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir” – deyə dövlətimizin başçısı əlavə edib.
Təbii ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Humanitar və mədəni əlaqələr, eyni zamanda, İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlığa söykənir və iki ölkə arasında münasibətlər çoxşaxəli əməkdaşlıqda xüsusi önəm daşıyır.
Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri,
“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini