“Sirr deyil ki, 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan bir çox əraziləri azad etdi, Ağdam, Laçın və Kəlbəcər isə bir güllə atılmadan düşməndən təmizləndi. Lakin Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq silahlı qüvvələrini və hərbi texnikasını ərazilərimizdən çıxarmadı. Əksinə, müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırdı, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirdi. Hətta vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Ona görə də, bütün təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular: “Bununla da Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı, separatizm meyillərinə birdəfəlik son qoyuldu. Onu da qeyd etmək lazımdır ki, antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Beləliklə də, sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı”.
“24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bununla da Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.