AnalitikaGündəm

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır

Bildiyimiz kimi, Prezident İlham Əliyev cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib. Azərbaycan lideri bu çıxışında Azərbaycan İtaliya münasibətlərinə toxunub, Avropa və dünya ictimaiyyətinə mühüm mesajlar verib. O, qeyd edib ki, uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş kimi fəaliyyət göstərir. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Qarşılıqlı etimad və hörmət üzərində qurulan ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işlər aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.

Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. İşğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi.

Ölkəmiz iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Sözügedən amil Azərbaycana olan etibarın təzahürüdür.

Ölkə başçısı çıxışında onu da vurğulamışdır ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik deyə, Cənab Prezident bildirmişdir.

Həsəncanov Mustafa,
Xəzər rayonu, 149 №li məktəbin
Azərbaycan dili və Ədəbiyyatı müəllimi

Oxşar Xəbərlər

Back to top button