Ukraynadan bir qrup uşaq və gənc Azərbaycana gətirilib
Ukraynadakı müharibədən əziyyət çəkmiş 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
www.aktualinfo.az/icxeberinfo “Report”a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn həmin uşaq və gənclər Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcək.
Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Reabilitasiya müddəti ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.