AnalitikaGündəm

Ana dilimizi qorumaq üçün böyük addımlar atan ümummilli lider Heydər Əliyevin siyasi xətti prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

Azərbyacan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Ulu öndər Azərbaycan dilinə qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müstəqil siyasəti, ictimai mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ölməz lider millətin milliliyini təsdiq edən dilimizə həssaslıq, qayğıkeşliklə yanaşaraq onun dövlət dili kimi yaşaması, inkişaf etməsi üçün çalışmışdır.

Prezident İlham Əliyev də ölməz rəhbərin dil siyasətini uğurla davam etdirə­rək dilimizin saflığının qorunması barədə fərmanlar imzalamaşdır. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il Fərmanı isə dilimizə qayğının bariz nümunəsidir. “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Möhtərəm prezident İlham Əli­yevin bu fikirləri onun təsdiqidir ki, ana dilinin qorunması, zənginləşdirilməsi məsələləri dövlət qurulucuğu siyasətində önəmli yer tutur.

İlham Əliyev dilimizlə bağlı silsilə sərancam və fərmanlarla yanaşı, müxtəlif tədbirlərdəki çıxışları zamanı qiymətli fikirlər səsləndirmişdir. “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”.

Prezident çıxışlarında dövlət dilinin yad təsirlərdən qorunması və saflılığının təmin olunmasının vacibliyi məsələlərinə toxunmaqla yanaşı, lüzumsuz yerə dilimizdə yad kəlimələrin işlədilməsinin əleyhinə olduğunu bildirir. “Bəzi ictimai xadimlərin, hökümət üzvlərinin çıxışlarında, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, onu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır” deyən prezident yad ifadələrdən uzaq, doğma ana dilinin qrammatik quruluşuna uyğun çıxışları ilə hər kəsə nümunədir.

Milli varlığın qorunması, kimliyimizin sübutu olan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəvi aləminin güzgüsüdür. Azərbaycan dövlətinin apardığı dil siyasəti bu həqiqətin bütövlükdə gerçəkləşməsinə, əbədiləşdirilməsinə xidmət edir ki, bu da prezidentin dilimizə böyük sevgi və qayğısının göstəricisidir. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin dövlət dil siyasətini uğurla davam etdirərək dilimizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə nail olmuşdur.

Ana dilinə belə həssas münasibət təbii ki, varislikdən, vətənə, dilə, milli ənənənlərə sadiqlikdən irəli gəlir.

Azərbayacan dilinin saflığının qorunmasını daimi diqqətdə saxlayan, onun keşiyində duran, nitqinin təmizliyi, səlisliyi ilə hər kəsə nümunə olan dövlət başçısı – möhtərəm İlham Əliyevə böyük minnətdarlığımı bildirirəm.

Aslanova Mətanət,
İbtidai təhsil kafedrasının baş müəllimi

Oxşar Xəbərlər

Back to top button