70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gəldi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.
Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Heydər Əliyevin təklifi ilə 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində ‘Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir’ ifadəsi yer aldı.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan ‘Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında’ 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərin ‘Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında’ 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu, dilimizin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində atılmış mühüm bir addımdır.
Prezident İlham Əliyevin ‘Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında’ 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Bununla yanaşı, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli ‘Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı’ milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda 14 nəfər ölüb
Əli Hüseynov,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal gənci