Ana dili millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bir xalqın torpağı qədər dili də onun varlığının, mövcudluğunun şərtidir. Dil xalqın tarixinin, mədəniyyətinin, incəsənətin, ədəbiyyatın, adət-ənənələrinin ifadə vasitəsidir. Deməli, ana dili xalqın özüdür. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur. Ona görə torpağı qoruduğumuz kimi, dilimizi də göz bəbəyi kimi qorumalı, qayğısını çəkməliyik.
Mənim dilim Azərbaycan dilidir. Biz dünyaya gələndə anamızın laylasını bu dildə eşitmişik. Onun şirinliyini, gözəlliyini duymuşuq. İlk dəfə dil açanda ana demişik. Biz anamızı sevdiyimiz kimi dilimizidə sevmişik. Ana dili! Bir dil ki, mehriban bir vücudda öz məhəbbətini, ana şəfqətini sənə bəyan edibdir. Amma uzun illər dilimiz bir çox çətinliklərlə üzləşib. Bu dilə qadağalar qoyulub. Ana dilində yazıb yaratmağa imkan verməyiblər. Lakin xalqımızın mübarizəsi nəticəsində dilimiz öz müstəqilliyini qazanıb. Ana dilimiz dövlət dili elan edilib.
Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıq göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sevir və bu dildə danışmağımla fəxr edirəm” – deyən ümumilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.
Ölkəmizdə Ana dilinin inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili” gününün təsis edilməsi haqqında fərmanlar verildi.
Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümumilli lider H.Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir.
Ana dilimiz o qədər möhtəşəm, müqəddəs, o qədər qüvvətlidir ki, onun qarşısında heç kim dayana bilməz. Azərbaycan dili həm qüdrətli və gözəl, həm də, mənalı və şirin dildir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdırmağa qadir bir dildir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Millətini sevən, onun diriliyinə çalışan ədiblərimiz də bu dildə yazıb-yaratmışlar.
Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Onun saflığını, müqəddəsliyini qorumaq, yad təsirlərdən qurtarmaq bizim – hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Cəfərova Natiqə,
Xəzər rayonu, 181 nömrəli məktəbin müəllimi