Azərbaycanın milli mətbuat tarixi Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də dərc olunan tarixdən götürülür. Həmin qəzetin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Milli mətbutın ilk “qaranquşu” olan “Əkinçi” qəzetinin nəşrindən sonra XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlayıblar.
Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. Dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmiş və Mətbuat Şurası üçün yeni binanın ayrılmışdır.
Demokratik dövlətlərdə mətbuatın inkişaf etdirilməsi siyasi prioritet hesab olunur. Keçən əsrin 80-ci illərindən başlayaraq milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Çünki həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı