Azərbaycan türk dünyasının nüfuzunun qalxmasında həmişə layiqli töhfələr verir
Azərbaycan xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrimizin genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Prezident İlham Əliyevin sonuncu inauqurasiya mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri bu tarixi mərhələdə Azərbaycanın beynəlxalq siyasət doktrinasının əsasını təşkil edir.
Azərbaycan türk dövlətləri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla türk dövlətləri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır. Eyni zamanda azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar isə qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə inşa edilən məktəb və incəsənət mərkəzləri, birliyimizin güclü təzahürlərindən biridir.
Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı danışarkən vurğuladı ki, mövcud potensialı dünya miqyasında böyük bir gücə çevirmək bizim vəzifəmizdir. Ölkə başçısı Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün nəqliyyat və iqlim mövzularına həsr olacağını diqqətə çatdırdı.
Prezident İlham Əliyev TÜRKPA nümayəndə heyəti ilə görüşündə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına və digər qurumlara üzv olması ilə bağlı söylədiyi fikirlər Türk birliyinin möhkəmlənməsinə və genişlənməsinə xidmət edir: “Təkcə Şimali Kipr Türk Respublikası deyil, müstəqil dövləti olmayan türk xalqları da gələcəkdə Türk birliyinin üzvü olacaq.
Məhz Azərbaycan türk dünyasının nüfuzunun qalxmasında həmişə layiqli töhfələr verir. TÜRKPA-nın Bakıda keçirilən iclası, türk dövlətləri başçılarının Şuşada gözlənilən görüşü bu dövlətlər arasında əlaqələrin daha da inkişafına xidmət edəcək.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi