AnalitikaQarabağ və Şərqi ZəngəzurSiyasət

Laçın Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi oldu

Laçın sözü “məğrurluq” mənasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi mineral yataqları daha böyük ehtiyatlara malikdir.Lakin erməni işğalçıları tərəfindən xaincəsinə 18 may 1992-ci ildə Laçın rayonu işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.İşğal nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Ali Baş Komandan, cənab prezident İlham Əliyev Laçın rayonuna səfəri zamanı vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.” Həmçinin, böyük sevinc və qürur hissi ilə qeyd etmək istərdim ki, Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.Şiş qayalarının yerləşdiyi yaylaqlardan Qaçaq Nəbinin hənirtisi hələ də getməyən Laçınımız! Doğma torpağımız. Şükür olsun ki, biz artıq bu həsrətə son qoyub səninlə qovuşduq. Əldə etdiyimiz bu qələbə qocaman, qüdrətli qədim tarixə malik bir xalqın dünya ölkələri və millətləri arasında möhtəşəm uğuru, əvəzolunmaz sonsuz sevincidir. Biz çox xoşbəxtik ki, doğma yurd yerlərimizə qovuşduq. Laçın torpağının alınması bizim üçün xüsusilə önəmlidir. Çünki Laçınla biz bütöv Azərbaycana qovuşduq, bütöv Qarabağa qovuşduq. Laçın Azərbaycanın tamlığı və bütövlüyünün yekun mərhələsi oldu. Laçın artıq Azərbaycanındır və ərazi tamlığımızın simvoludur.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button